Tiran Xaçatryan 2020-ci ilin noyabrında müdafiə naziri ilə söhbət edib və ondan anklavlarla bağlı müddəanın geri götürülməsi üçün hər şeyi etməsini istəyib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan üçtərəfli bəyanatın mətnində vaxtilə anklavların Azərbaycana verilməsinin əleyhinə olduğunu bildirib.
Xaçatryan qeyd edib ki, o vaxtkı Baş Qərargah rəisinin bəyanatının ilkin variantını görüb, sənəddə anklavlarla bağlı bəndlər var.
“Mən heyrətləndim, Baş Qərargah rəisindən soruşuram ki, atəşkəsin anklavlara nə dəxli var? Qısa müzakirəmiz oldu, ondan sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O, məndən dərhal tələb etdi ki, Nikol Paşinyanla əlaqə saxlayım, anklavlarla bağlı bəndi çıxarmağı bildirdi”.
Xaçatryan izah edib ki, vəziyyət çox sürətlə inkişaf etdiyi üçün bu təkliflər o anda kağız üzərində yazılmayıb. Sonradan təbii ki, bütün bunlar sənədləşdirildi. Amma əvvəlcə təklif şifahi olaraq Nikol Paşinyana təqdim olunub.









