Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun qudasının niyə işdən azad olunması üzə çıxıb. Tribuna.az-ın əldə etdiyi özəl xəbərə görə, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru olan Bəhruz Əzimov ciddi nöqsanlara və qanunsuzluqlara yol verib. Onun fəaliyyəti ilə bağlı bu günlərdə araşdırma aparılıb və yol verdiyi özbaşınalıqlar səbəbindən işindən azad edilib. Məlumata görə, müəssisənin direktoru Bəhruz Əzimov öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb. Lakin əslində belə olmayıb, onun qanunsuz əməlləri aşkarlanıb və hətta barəsində cinayət işi açılacağı da istisna edilmir. V.Talıbovla qida olan B.Əzimov Naxçıvanda “neft kralı” və oliqarx kimi tanınır. Onun biznes səltənəti mövcuddur. Artıq onun yerinə təyin olan şəxsin adı məlumdur. Belə ki, Cəlal Mehdiyev müəssisənin direktoru təyin olunub. Gələn xəbərlərə görə, maliyyə yoxlamaları nəticəsində “Neftbaza”da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb. Əvvəlcə Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.
Bu müvəqqəti dondurulma çox çəkmədən vəzifəsindən getməsi ilə yekunlaşıb.









