Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Sudanda münaqişə başlayandan bəri 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını bildirib.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, açıqlamada Rassel, hər münaqişədə olduğu kimi, uşaqların da ən çox təsirlənənlər arasında olduğunu və onları qorumaq üçün hər cür səy göstərilməli olduğunu bildirib.
Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Rassel, “Sudanda vəziyyət ağırdır və uşaqlar bunun əvəzini həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır”, deyə əlavə edib.
Rassel vurğulayıb ki, tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdır.
“UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhranın uzunmüddətli siyasi həllinə çağırır”, -Rassel qeyd edib.









