Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Rusiyada müharibə tərəfdarı olan millətçi yazıçı Zaxar Prilepinə qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan şübhəli Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etdiyini iddia edib.
29 yaşlı Ukrayna əsilli Aleksandr Permyakov bombalı hücum hazırlayıb.
Permyakov dindirilməsi zamanı bildirib ki, sui-qəsdi özü həyata keçirib və 2018-ci ildə Ukrayna kəşfiyyatı ilə işləməyə başlayıb.
Rusiyada araşdırma aparan komitə şübhəlinin dindirildiyi anların görüntülərini yayıb. Kadrlarda Permyakovun Prilepin keçərkən yol kənarına iki tank əleyhinə mina yerləşdirdiyini və pultla minaları partlatdığı görüntülər yayılıb.
Rusiyanın ən tanınmış Putinyönlü yazıçılarından olan Prilepinin olduğu avtomobil partlayışın təsiri ilə aşıb və mühərrik bölməsi tamamilə sıradan çıxıb.
Partlayışda rus yazıçı ağır yaralanarkən, sükan arxasında olan yaxın dostu dünyasını dəyişib. Bildirilib ki, partlayış baş verən ərazidə böyük krater yaranıb və avtomobilin sürət qutusu hadisə yerindən 100 metr aralıda olub.
Rusiya mətbuatında çıxan xəbərlərdə Prilepinin hər iki ayağında və onurğa sütununda sınıq olduğu bildirilib. Bildirilib ki, rus yazıçısının ilk əməliyyatı uğurlu alınıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak ittihamları rədd edərək, hücumun Rusiyanın özünün vətəndaş müharibəsinin bir hissəsi ola biləcəyini deyib.









