Türkiyədə saxlanılan azərbaycanlıdan ailəsinə zəng: “Narahat olmayın…”

Türkiyədə saxlanılan azərbaycanlıdan ailəsinə zəng: “Narahat olmayın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşlarından xəbər var.

Tribuna.az  xəbər verir ki, Şabran sakini Qədir Quliyev ailəsi ilə əlaqə saxlanılıb. Onun atası Baloğlan Quliyev Musavat.com-a bildirib ki, oğlu bir gün əvvəl ailəsinə Türkiyədəki polis idarəsindən zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib:

“Oğlum əlavə heç nə demədi. Sadəcə bildirdi ki, vəziyyəti normaldır, hələ Türkiyədə saxlanılır”.

Azərbaycan vətəndaşı Valeh Hümbətovun əmisi oğlu Firuz Hümbətov isə  açıqlamasında bildirib ki, hələ də qohumu ilə əlaqə saxlaya bilməyiblər:
“Biz yalnız sosial şəbəkələrdə onun məhkəməyə aparılıb-gətirildiyini görürük. Saxlanılandan bəri heç bir əlaqəmiz olmayıb”.

Qeyd edək ki, Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb.
Həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan Rəşad İbrahimov, həmçinin Şabran rayon sakini Qədir Quliyevdir. Məlumata görə, onların hər üçü qəzaya uğrayan gəmidə matros kimi çalışıb.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində 260 sərnişin daşıyan gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb. Daha 19 sərnişinin axtarış-xilasetmə işləri davam etdirilir.

Şahanə Rəhimli