Türkiyədə “müddətsiz aliment” dövrü başa çatır

Türkiyədə “müddətsiz aliment” dövrü başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 1988-ci ildən tətbiq olunan “müddətsiz aliment” dövrü başa çatır. Oktyabr ayında parlamentin gündəminə gətirilməsi gözlənilən yeni məhkəmə paketi ilə mərhələli modelin tətbiqi və aliment müddətinin birbaşa nikahın davam etdiyi müddətlə əlaqələndirilməsi nəzərdə tutulur.

Tribuna.az  Euronews-ə istinadən xəbər verir ki, Uzun müddətdir ictimaiyyətin və məhkəmə sisteminin diqqət mərkəzində olan yoxsulluq alimenti ilə bağlı yeni qanuni tənzimləmənin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin (TBMM) gündəminə gətirilməsi planlaşdırılır.

Yeni məhkəmə paketi ilə müddəti açıq olan borcluluq dövrünün başa çatdırılması, əvəzində isə nikahın müddətini, tərəflərin yaşını və iqtisadi vəziyyətini əsas götürən mərhələli modelin tətbiqi nəzərdə tutulur.

Mövcud qanun necə işləyir?

Türkiyə Mülki Məcəlləsinin 175-ci maddəsinə əsasən, boşanma nəticəsində yoxsulluğa düşəcək və qarşı tərəfdən daha çox təqsirli olmayan tərəfə maddi imkanlar nəzərə alınmaqla yoxsulluq alimenti təyin edilir. Qanundakı “müddətsiz” ifadəsinə görə məhkəmələr indiyədək əsasən müddəti əvvəlcədən müəyyən edilməyən aliment təyin edirdilər.

Köhnə sistemdə aliment yalnız aliment alan şəxsin yenidən evlənməsi, faktiki olaraq evli kimi yaşaması və ya yoxsulluq vəziyyətinin aradan qalxması halında ləğv edilə bilirdi. Yeni tənzimləmə isə bu xüsusi şərtlərin yaranmasını gözləmədən, əvvəlcədən müəyyən müddət limiti qoyaraq müddəti açıq olan borcluluq vəziyyətinə son qoyur.

Uşağın saxlanması üçün qəyyumluğu öz üzərinə götürən valideynə ödənilən iştirak alimenti isə bu dəyişiklikdən təsirlənməyəcək və uşağın 18 yaşına çatmasına qədər mövcud hüquqi statusunu qoruyacaq.

Yeni tənzimləmə nə gətirir?

TBMM-yə təqdim ediləcək yeni model “müddətsiz” aliment anlayışının əvəzinə aşağı və yuxarı hədləri müəyyən edilmiş mərhələli hüquqi çərçivə nəzərdə tutur.

Alimentin müddəti birbaşa nikahın davam etdiyi müddətlə əlaqələndirilir. Layihəyə əsasən, 3 ildən az davam edən nikahlar üçün maksimum 2-3 il, 5 ilədək davam edən nikahlar üçün maksimum 5 il, 5-10 il davam edən nikahlar üçün isə nikah müddətini aşmayan yuxarı hədd tətbiq edilməsi planlaşdırılır.

Məhkəmələr qərar qəbul edərkən yalnız nikahın müddətini deyil, həmçinin tərəflərin yaşını, sağlamlıq vəziyyətini, uşaqların olub-olmamasını, əmək qabiliyyətini və peşə bacarıqlarını nəzərə almağa borclu olacaq.

Gənc, uşağı olmayan və işləyə biləcək vəziyyətdə olan şəxslər üçün müddət limitlərinin daha sərt tətbiqi, baxıma ehtiyacı olan, yaşlı və ya əmək bazarına yenidən qoşulması mümkün olmayan tərəf üçün isə hakimə müddəti uzatmaq imkanı verilməsi nəzərdə tutulur.

Müəyyən edilmiş aliment müddəti başa çatdığı halda yoxsulluğu davam edən və işləyə bilməyəcək vəziyyətdə olan şəxslər üçün Ailə və Sosial Xidmətlər Nazirliyinin nəzdindəki sosial yardım mexanizmlərinin işə salınması hədəflənir.

AYM qərarı və qanunvericilik prosesi

Qanunvericiliklə bağlı addımlar Türkiyə Konstitusiya Məhkəməsinin (AYM) Mülki Məcəllədəki “müddətsiz olaraq” ifadəsini səs çoxluğu ilə ləğv etməsindən sonra sürətlənib. Ali Məhkəmənin aliment hüququnu tamamilə aradan qaldırmayan, lakin müddəti qeyri-müəyyən borcluluq sistemini qüvvədən salan qərarı ilə bağlı verilmiş 9 aylıq qanuni müddət davam edir.

Hüquqi boşluğun yaranmaması üçün Ədliyyə Nazirliyinin texniki işlərini tamamladığı layihənin oktyabr ayında parlamentin gündəminə gətirilərək qanunlaşdırılması gözlənilir.

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2025-ci il məlumatlarına görə, Türkiyədə bir il ərzində təxminən 194 min cütlük boşanıb, qəyyumluğu müəyyən edilən uşaqların 74,6 faizi analara verilib. Yeni modelin boşanma proseslərində maliyyə və hüquqi balansı yenidən formalaşdıracağı gözlənilir.

İmran Kərimli