Taliban hökumətinin sözçüsü Rusiya müdafiə nazirinin Əfqanıstanda Mərkəzi Asiyanın təhlükəsizliyini təhdid edən silahlı qruplaşmaların mövcud olması barədə bəyanatını rədd edib.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Zəbihullah Mücahid Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısında Əfqanıstandakı silahlı qrupların qonşu ölkələr, xüsusilə də Mərkəzi Asiya üçün əsas təhlükə olduğu barədə bəyanatını rədd edib.
Rusiya hakimiyyəti başa düşməlidir ki, Əfqanıstan son iki ildə region ölkələri və dünya üçün təhlükə yaratmayıb və “Taliban” daha əvvəl ölkədə mövcud olan İŞİD-i də məhv edib.
Mücahid vurğulayıb ki, heç bir ölkəyə Əfqanıstan ərazisindən başqa ölkəyə hücum etmək üçün istifadə etməyə icazə verilməyəcək.
Qeyd edək ki, Yeni Dehlidə Çin, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və bir sıra müşahidəçi ölkələrin müdafiə nazirlərinin iştirakı ilə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçirilib.









