Süni intellekt hamımızı əbədi tələbə edir
Süni intellekt texnoloji “bal ayı”ndan daimi transformasiya dövrünə keçir
Süni intellekt fasiləsiz yenilənmə səbəbi ilə daim bizdən uzaqlaşacaqmı?
Tarix göstərir ki, insan cəmiyyəti hər böyük texnoloji yeniliyi əvvəlcə heyrətlə qarşılayır, sonra onu gündəlik həyatın ayrılmaz hissəsinə çevirir. Elektrik, telefon, radio, televiziya, kompüter, internet və smartfonlar ilk dəfə ortaya çıxdıqda insanlarda heyranlıq və qeyri-müəyyənlik yaradırdı. Lakin zaman keçdikcə onlar adi məişət alətlərinə çevrildilər. İnnovasiya nəzəriyyəsində bunu bəzən texnologiyanın “bal ayı” mərhələsi adlandırırlar. Bu mərhələdə insanlar yeni texnologiyanın imkanlarına valeh olur, onu intensiv şəkildə öyrənir və tətbiq etməyə çalışırlar. Sonrakı mərhələdə isə texnologiya həyatın fonuna çəkilir və artıq diqqət mərkəzində olmur.
Bəs süni intellekt də eyni yolu keçəcəkmi?
Bu suala cavab vermək üçün süni intellekti əvvəlki texnoloji inqilablardan fərqləndirən əsas xüsusiyyəti nəzərə almaq lazımdır. Əvvəlki texnologiyalar müəyyən mərhələdən sonra sabitləşirdi. İnsan onların imkanlarını mənimsəyir, istifadə qaydalarını öyrənir və inkişaf tempi nisbətən yavaşıyırdı. Süni intellekt isə tamamilə fərqli bir hadisədir. O, istifadə etdikcə öyrənən, daim yenilənən və imkanlarını sürətlə genişləndirən texnologiyadır.
Süni intellektin inkişaf tempi, insan zəkasının qavrama tempindən bir neçə tərtib yüksəkdir. İnsan tədricən Sİ-ni öyrənib, ona yaxınlaşdığını zənn etdikcə, Sİ insandan sürətlə uzaqlaşır. Burda klassik məntiqin məhşur “Axilles və tısbağa paradoksu” yada düşür, amma əks mənada: Sİ sürətlə irləliləyir-Axilles kimi, insan onun arxasınca gedir- tısbağa sürəti ilə. Zaman ötdükcə aralarındakı fərq artır. Bu səbəbdən insan Sİ-nin belə sürətli inkişaf tempindən, nəzarətdən çıxacağından ehtiyatlanır. Bu ərəfədə dünyanın ən məhşur Sİ şirkətlərinin Sİ-nin inkişaf temipini kəskin azaltmaq (saxlamaq) haqqında birgə bəyanatı ortalığa çıxdı.
Sİ sənayesinin daxilindən gələn yeni xəbərdarlıq
2026-cı il 28–29 iyul tarixlərində yayılan “Pacing the Frontier” (“Sərhəddə addımlamaq”) çağırışı süni intellektin gələcəyi ilə bağlı müzakirələrdə diqqətçəkən hadisələrdən biridir. Bəzən bunu “dünyanın ən böyük Sİ şirkətlərinin rəhbərlərinin süni intellekti dayandırmaq barədə birgə bəyanatı” kimi təqdim edirlər. Lakin məsələ daha mürəkkəbdir. Çağırışı OpenAI, Anthropic, Google, Meta, Microsoft, Mistral və digər aparıcı texnologiya təşkilatlarında çalışan 1200-dən çox Sİ mütəxəssisi və tədqiqatçısı dəstəkləyib.
Təşəbbüsün məqsədi süni intellektin inkişafını tam dayandırmaq deyil. Əsas narahatlıq Sİ-nin getdikcə Sİ tədqiqatının özünü avtomatlaşdırmağa başlamasıdır. Əgər daha güclü Sİ sistemləri yeni modellərin yaradılması, proqramlaşdırılması, sınaqdan keçirilməsi və təkmilləşdirilməsini sürətləndirərsə, özünü gücləndirən texnoloji inkişaf dövrəsi yarana bilər. Bu halda Sİ-nin inkişaf tempi insanların, hökumətlərin və institutların onu anlama və idarəetmə sürətini daha ciddi şəkildə qabaqlaya bilər.
Məhz buna görə çağırışın əsas ideyası “Sİ-ni dayandırmaq” deyil, zərurət yarandıqda onun inkişaf tempini beynəlxalq səviyyədə idarə edə biləcək təhlükəsizlik mexanizmlərinin əvvəlcədən yaradılmasıdır. Bu hadisə “tərs Axilles–tısbağa paradoksu”nu daha da aktuallaşdırır: axilles – Sİ – artıq sadəcə insandan sürətli qaçmır; o, öz qaçışını daha da sürətləndirməyə kömək etməyə başlayır.
Bu gün insan yeni bir süni intellekt platformasını öyrənməyə başlayanda, bir neçə ay sonra həmin platformanın imkanları artıq tamamilə dəyişmiş olur. Yeni modellər, yeni agentlər, yeni multimodal sistemlər, yeni elmi alqoritmlər meydana çıxır. Nəticədə insan heç vaxt “mən artıq süni intellekti tam öyrəndim” deyə bilmir.
Bu, bəşər tarixində ilk texnologiyadır ki, inkişaf sürəti insanın öyrənmə sürətini üstələyir. Əgər əvvəllər insan texnologiyanı təqib edirdisə, indi texnologiya insanın öyrənmə imkanlarını geridə qoymağa başlayır.
Bu vəziyyət təhsilin mahiyyətini də dəyişir. Ənənəvi təhsil modeli biliklərin mənimsənilməsinə əsaslanırdı. Süni intellekt dövründə isə əsas bacarıq yeni bilikləri davamlı şəkildə öyrənmək, onları qiymətləndirmək və tətbiq etməkdir. Deməli, XXI əsrin əsas kompetensiyası ömürboyu öyrənmə deyil, ömürboyu yenidən öyrənmə olacaq.
Süni intellekt artıq sadəcə informasiya axtaran sistem deyil. O, tədqiqat aparır, proqram yazır, mətn hazırlayır, diaqnostikaya kömək edir, dərs planlaşdırır, elmi hipotezlər irəli sürür və qərar qəbulunu dəstəkləyir. Sabah isə bunlardan daha mürəkkəb funksiyaları yerinə yetirəcək. Buna görə də insanlar onun bütün imkanlarını heç vaxt tam mənimsəyə bilməyəcəklər.
Bu prosesin psixoloji tərəfi də maraqlıdır. Əvvəllər insanlar yeni texnologiyanı öyrəndikdən sonra özlərini rahat hiss edirdilər. Süni intellekt isə insanı daimi intellektual inkişaf vəziyyətində saxlayır. O, hər gün yeni suallar yaradır və insanı öz düşüncə sərhədlərini yenidən nəzərdən keçirməyə məcbur edir.
Məhz buna görə süni intellekti sadəcə kompüter proqramı kimi deyil, intellektual teleskop adlandırmaq daha doğrudur. Necə ki, teleskop kainatı insan gözünün görə bilmədiyi ölçüdə göstərdi, süni intellekt də insan təfəkkürünün görə bilmədiyi əlaqələri, qanunauyğunluqları və imkanları üzə çıxarır. Bu “teleskop” vasitəsilə biz elmə, iqtisadiyyata, təhsilə, dövlət idarəçiliyinə və hətta öz düşüncə tərzimizə yenidən baxmağa başlayırıq.
Xüsusilə elmi fəaliyyətlə məşğul olan insanlar üçün süni intellekt ikinci intellekt rolunu oynamağa başlayır. O, alternativ baxışlar təqdim edir, fərqli ssenarilər qurur, müxtəlif mənbələri müqayisə edir və tədqiqatçının analitik imkanlarını dəfələrlə artırır. Bu, insanı əvəz etmək deyil, onun intellektual potensialını genişləndirmək deməkdir.
Azərbaycan üçün də bu reallıq mühüm strateji nəticələr doğurur. Əgər ölkənin elm və təhsil sistemi süni intellektin bu dinamik inkişaf tempinə uyğunlaşmasa, bilik fərqi yalnız insanlar arasında deyil, ölkələr arasında da sürətlə artacaq. Buna görə universitetlər, elmi-tədqiqat institutları və məktəblər statik bilik ötürən qurumlardan çevik öyrənmə və innovasiya mərkəzlərinə çevrilməlidir. Təəssüf ki, təhsil sistemində belə dinamiklik hiss edilmir. Təhsil menecerləri bu proseslərin masştabını və həyati əhəmiyyətini düzgün qiymətləndirmirlər.
Süni intellektin nə vaxtsa tam adiləşəcəyini gözləmək çətindir. Çünki onun mahiyyəti sabit qalmaq deyil, fasiləsiz dəyişməkdir. İnsan onu hər dəfə anlamağa yaxınlaşdıqca, süni intellekt yeni inkişaf mərhələsinə keçir. Bu səbəbdən gələcəyin əsas üstünlüyü süni intellekti birdəfəlik öyrənənlərdə deyil, onunla birlikdə davamlı inkişaf etməyi bacaran insanlarda olacaq.
Əgər əvvəlki texnologiyalar insanın həyatını dəyişirdisə, süni intellekt insanın düşünmə üsulunu dəyişir. Elə buna görə də onun “bal ayı” mərhələsinin nə vaxtsa başa çatacağını deyil, bəşəriyyətin daimi intellektual transformasiya dövrünə, fasiləsiz öyrənmə mərhələsinə daxil olduğunu söyləmək daha doğru olardı.
Bu transformasiya artıq başlanıb və onun sonu deyil, yalnız yeni mərhələləri olacaq.
Dosent İlham Əhmədov









