“Kartaş Kimya” şirkəti gömrük qaydalarını pozdu, məhkəmə cərimələdi

“Kartaş Kimya” şirkəti gömrük qaydalarını pozdu, məhkəmə cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi “Kartaş Kimya” MMC barəsində gömrük qaydaları əleyhinə inzibati xəta ilə bağlı protokol tərtib edilib.

Tribuna.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci (Gömrük nəzarəti zonası rejiminin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Protokola əsasən, “Kartaş Kimya” MMC-nin ünvanına gələn yük müvafiq gömrük bəyannaməsi ilə bəyan edilib. Həmin mallar dəniz nəqliyyat vasitəsi ilə konteynerdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olub.

 

Yükün gömrük ərazisinə gətirilməsindən əvvəl isə mallara dair qısa idxal bəyannaməsi elektron formada gömrük orqanına göndərilərək rəsmiləşdirilməsi üçün təqdim edilib. Lakin gömrük orqanının müəyyən etdiyi hallara görə, faktiki olaraq konteynerdə ölkə ərazisinə gətirilmiş mallara dair təqdim edilmiş qısa idxal bəyannaməsində konteyner və sənədə aid məlumatlar düzgün göstərilməyib.

 

Bununla da gömrük orqanına təqdim edilmiş qısa idxal bəyannaməsində malların faktiki daşınmasına dair sənədlərdə göstərilən məlumatlarla uyğunsuzluq yaranıb.

 

Məhkəmə iş materiallarını araşdıraraq hesab edib ki, hüquqi şəxs tərəfindən gömrük bəyannaməsində mallara dair məlumatların düzgün göstərilməməsi gömrük qaydaları əleyhinə inzibati xəta təşkil edir.

 

Nəticədə məhkəmənin qərarı ilə “Kartaş Kimya” MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. Şirkət barəsində 250 manat məbləğində inzibati cərimə tətbiq edilib.

 

Qeyd edək ki, qanuni təmsilçi Necmeddin Tasbağ olan şirkətin nizamnamə kapitalı 1000 AZN-dir. Məlumata görə, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.