Bu məhsulun kiloqramı 5-6 manat oldu – SƏBƏBLƏR

Bu məhsulun kiloqramı 5-6 manat oldu – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Limonun mövsümü hesab olunan dövrdə bu məhsulun qiyməti yenə də alıcıları narazı salır. Hazırda bəzi marketlərdə limonun 1 kiloqramı 5 manata, bəzi satış nöqtələrində isə 6 manata təklif olunur. Halbuki əvvəlki illərdə limon daha ucuz qiymətə satılırdı. Bəs limon nə vaxt ucuzlaşacaq və qarşıdakı aylarda qiymətlərdə enmə gözlənilirmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, limonun bahalaşmasına bir neçə amil təsir edir:

“Son dövrlərdə limonun qiymətində kifayət qədər bahalaşma müşahidə olunur. Bunun bir neçə səbəbi var. Birincisi, limonun əsas ixracatçıları arasında İspaniya, Türkiyə və Misir xüsusi yer tutur. Mövsümi olaraq Cənubi Amerikadan da Avropa bazarına limon gətirilir.

Azərbaycanda isə idxal amili əsasən Türkiyə ilə bağlıdır. Türkiyədə daxili bazarda limonun qıtlığının qarşısını almaq üçün müvəqqəti olaraq ixracın dayandırılması kimi hallar baş verə bilər. Bu da qiymətlərə təsir edən əsas amillərdən biridir”.

Ekspertin sözlərinə görə, mövsümün başlaması və yerli limonların bazara çıxması qiymətlərin müəyyən qədər ucuzlaşmasına səbəb olacaq:

“İkinci amil mövsümlə bağlıdır. Hazırda limon mövsümü yaxınlaşır. Düşünürəm ki, mövsümün başlaması həm idxala, həm də qiymətlərə təsir edəcək. Eyni zamanda, ölkə daxilində yetişdirilən limonların da bazara daxil olması qiymətlərin müəyyən qədər tənzimlənməsinə səbəb ola bilər.

Digər tərəfdən, məhsulun piştaxtaya qədər keçdiyi mərhələləri də nəzərə almaq lazımdır. Topdan satış, pərakəndə satış və marketlərin tətbiq etdiyi əlavə faizlər qiymətin formalaşmasına təsir göstərir”.

Fuad İbrahimov məhsulun satış zəncirinin də qiymətə təsir etdiyini bildirib:

“Bəzən marketlərdən kənarda, küçə ticarətində daha əvvəlki qiymətlərə yaxın limon tapmaq mümkündür. Lakin marketlərdə qiymətlər demək olar ki, eyni səviyyədə formalaşıb. Sanki marketlərdə qiymətlər müəyyən bir aralığa salınıb və eyni mənzərə yaranıb. Beləliklə, limonun qiymətinin formalaşmasına əsasən üç istiqamət təsir edir: idxal vəziyyəti, mövsümi amillər və məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi satış zənciri”.