Rusiyada azərbaycanlı yeniyetmə qətldə şübhəli bilinir.
Tribuna.az xəbər verir ki, bununla bağlı Rusiya vətəndaşı Mariya Useltseva sosial şəbəkə hesabında video paylaşıb.
O bildirib ki, bu ilin yanvarında Şəmkirin Zəyəm qəsəbəsində atası Arif Nəbiyevi öldürməkdə şübhəli bilinən 15 yaşlı D.N. daha sonra Rusiyaya gəlib. M.Useltsevanın iddiasına görə, həmin yeniyetmə burada onun oğlunu, keçmiş sinif yoldaşı Aleksandr Usoltsеvi bıçaqlayaraq qətlə yetirib.
“Oğlumla 7-ci sinfə qədər birgə oxuyublar. Yeddinci sinifdə oxuyarkən həmin oğlanın anası ölür və atası onu Azərbaycana aparır. Orada isə öz atasını yatdığı yerdə öldürür. Bu barədə internetdə detallı məlumat var”, – qadın bildirib.
Fotoda Arif Nəbiyev

Qadının əsas narazılığı Rusiyanın qəyyumluq orqanları və miqrasiya xidməti ilə bağlıdır. Onun fikrincə, müvafiq qurumlar bu barədə mütləq şəkildə məlumatlı olmalı idi. Belə ki, sözügedən qurumlara yeniyetmənin beynəlxalq axtarışda olduğuna dair rəsmi sorğu daxil olub. Buna baxmayaraq, qəyyumluq orqanı onu maneəsiz şəkildə rəsmiləşdirib və qətldə şübhəli bilinən şəxsin şəhərdə uşaqların arasında sərbəst gəzməsinə şərait yaradıb.
M.Useltsevanın sözlərinə görə, əri məktəbin direktoru və müəllimləri ilə ünsiyyətdə olub. Direktor təsdiq edib ki, qəyyumluq orqanları zəng edərək yeniyetməni təhsil müəssisəsinə qəbul etməyi təkidlə tələb ediblər. Uşaqların sənədlərinin isə guya Azərbaycandan gətiriləcəyini bildiriblər. Lakin direktor şagirdi sənədsiz qəbul etməkdən imtina edib.
Fotoda Aleksandr Usoltsеv

Həlak olan A.Usoltsеvin valideynləri şübhəlinin “Telegram” hesabına daxil olaraq, iyun ayının sonundan sonra aparılan yazışmalarını da araşdırıblar. Mariya Useltseva mesencerdə həmin yeniyetmənin skulşutinq (məktəblərdə kütləvi qətllər) mövzusuna istinad edən nikdən istifadə etdiyini bildirib.
“O mənim uşağımın etibarını qazanıb. Hətta biz ərimlə yazışmaları oxusaydıq belə, yəqin ki, orada nəsə planlaşdıran hansısa manyakın olduğunu təxmin etməzdik. O, oğlumu çoxdan kartof qızartmaq, kabab bişirmək bəhanəsi ilə tərk edilmiş həmin tikiliyə çağırırdı. Niyə tərk edilmiş tikiliyə? Guya orada tüstü görünmür. Amma hər dəfə mənim Saşamda nəsə alınmırdı və bu görüş təxirə düşürdü”, – o deyib.
Qadın oğlunun D.N.-ə bir neçə dəfə başqa sinif yoldaşlarını görüşə çağırmağı təklif etdiyini, lakin onun buna məhəl qoymadığını söyləyib. Bunu əsas gətirən qadın D.N.-in məhz onun oğlunu qətlə yetirməyi əvvəlcədən planlaşdırdığını iddia edib.
“Yəqin ki, onu tutmasaydılar, bir qurbanla kifayətlənməzdi. Həmin gün onun üçün hər şey alındı”, – mərhum yeniyetmənin anası deyir.
Qeyd edək ki, 15 yaşlı oğlanın Şəmkirdəki cinayətdən sonra 23 yaşlı qardaşı ilə birgə Gəncə-istanbul-Moskva reysi ilə ölkədən qaçdıqları bildirilib. 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qardaşı Elbrus Nəbiyev iddia edib ki, cinayəti mərhumun övladları birgə törədib. Hadisədən sonra onlar atalarının meyitini su kanalına atıblar. Meyit bir neçə gün sonra tapılıb.
28 avqust tarixində isə Rusiyanın Xantı-Mansiysk şəhərində polislər tərk edilmiş bir tikilidə 15 yaşlı Aleksandr Usoltsеvin üzərində bıçaq yaraları olan cəsədini aşkar ediblər. Qətl hadisəsindən sonra D.N. barəsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”









