Azərbaycan daşınmaz əmlak bazarında qiymətlərin taleyi ilə bağlı ziddiyyətli mənzərə formalaşıb. Ayrı-ayrı seqmentlərdə qiymətlər sabit qalsa da, bəzi istiqamətlərdə artım, bəzilərində isə zəif korreksiya müşahidə olunur. Xüsusilə mənzil bazarında alıcı ilə satıcının gözləntiləri arasında fərq, yüksək tikinti xərcləri və əmlakın yerləşdiyi ərazi, sənədləşməsi, təmir vəziyyəti kimi amillər qiymətlərin formalaşmasına ciddi təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin avqust ayı üzrə açıqladığı göstəricilər də bazarda vahid qiymət trendinin olmadığını göstərir.
Ekspertlərə görə, qarşıdakı payız aylarında əsas məsələ qiymətlərin kəskin dəyişməsindən daha çox, əmlakın nə qədər tez satılması və real bazar qiymətinin necə formalaşması olacaq.
Bəs payızda Bakıda mənzil almaq istəyənləri hansı qiymətlər gözləyir? Hazırda evini satan, yoxsa alan daha əlverişli mövqedədir?
Mövzu ilə bağlı əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb.
Ekspert bildirib ki, paytaxtın daşınmaz əmlak bazarında uzun müddətdir ciddi qeyri-müəyyənlik hökm sürür:
“Bəzi ərazilərdə qiymətlər stabil olaraq qalır. Bunun əsas səbəblərindən biri paytaxtın əmlak bazarının uzun müddətdir ciddi müştəri qıtlığı ilə üzləşməsidir. Əvvəlki illərdə nağd alışların sayı kifayət qədər çox olsa da, son illərdə satılan əmlakların böyük bir qismi müxtəlif kredit şərtləri ilə əldə olunur. Kreditlə alınan əmlakların yenidən əmlak bazarında satışa çıxarılması üçün həmin əmlak üzrə kredit öhdəliyinin bağlanılması tələb olunur. Əmlakların böyük bir qisminin ipoteka və digər kredit şərtləri ilə satılması onların yenidən bazara çıxmasını uzun illər ərzində məhdudlaşdırır”.
Ekspertin fikrincə, bazarda durğunluğun və qiymət artımının səbəblərindən biri də Bakıda əvvəlki illərlə müqayisədə tikinti işlərinin azalmasıdır:
“Bakı ərazisində sökülmə ehtimalı olan çoxlu sayda köhnə çoxmənzilli yaşayış binaları var. Bu binalar özəl tikinti şirkətləri tərəfindən sökülərək onların yerində yeni binalar inşa edilir.
Bu proses paytaxtın müxtəlif ərazilərində davam edərsə, əmlak bazarında ciddi rəqabət yarana bilər. Bu da süni şəkildə artan qiymətlərin qarşısının alınmasına, bazarda qiymətlərin stabilləşməsinə, hətta müəyyən hallarda enməsinə səbəb ola bilər. Bu baxımdan, paytaxt ərazisində aparılan tikinti işlərinin sayının həddindən artıq az olması tikilməkdə olan binalardakı mənzillərin qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxarıb. Digər tərəfdən isə hazır, tam təmirli mənzillərin satış qiymətləri tikilməkdə olan binalardakı mənzillərin qiymətlərindən daha ucuzdur. O baxımdan, qiymətlərin stabilləşməsi üçün əmlak bazarına xeyli sayda yeni əmlak daxil olmalıdır. Bu, bazarda rəqabət yaradaraq qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evinin mövcud olduğu bildirilir. Həmin çıxarışsız fərdi yaşayış evləri çıxarışlarla təmin olunarsa, bu, əmlak bazarına on minlərlə daha ucuz əmlakın daxil olması deməkdir. Bu da öz növbəsində aztəminatlı ailələrin həmin əmlakları müxtəlif kredit şərtləri ilə əldə etməsinə imkan yarada bilər. Mənzil təkliflərinin sayı artdıqca bazarda rəqabət güclənər və nəticədə süni şəkildə artan qiymətlərin aşağı düşməsi mümkün olar”.









