Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mona Liza” şadlıq sarayı növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus olduğu bildirilən şadlıq sarayında müğənnilərdən çıxış etmək üçün pul tələb edildiyi iddia olunur.
Bu barədə müğənni Ülviyyə Namazova bildirib. O qeyd edib ki, “Mona Liza” şadlıq sarayında keçiriləcək bir məclisdə çıxış etmək üçün dəvət alıb.
Lakin restoranın administratoru olan İmdad adlı şəxs ondan çıxış üçün 500 manat pul tələb edib.
“Toy üçün ev sahibi beh də atıb. Restoran administratoru isə deyir ki, 500 manat ver, sonra gəl, oxu. Niyə bizim çörəyimizlə oynayırsınız?” – deyə müğənni bildirib.
Məsələ ilə bağlı sözügedən restoranla əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









