Türkiyədə qadınların tütün məmulatlarından istifadəsi ilə bağlı yeni statistika diqqət çəkib.
Türkiyə Statistika Təşkilatının (TÜİK) 2025-ci il məlumatlarına görə, ölkədə 15 yaş və yuxarı qadınların 17,5 faizi hər gün tütün məmulatından istifadə edir. Kişilərdə bu göstərici 42,9 faizdir. Ölkə üzrə əhalinin gündəlik tütün istifadəsi isə 30,1 faiz təşkil edib.
Məlumatlar qadınlar arasında gündəlik tütün istifadəsinin son illərdə artdığını da göstərir. Belə ki, 2022-ci ildə bu göstərici 15,5 faiz olduğu halda, 2025-ci ildə 17,5 faizə yüksəlib.
Türkiyə Səhiyyə Nazirliyinin 2023-cü il üzrə Türkiyə Ev Təsərrüfatı Sağlamlıq Araşdırmasında isə qadınların 23,6 faizinin hazırda tütün məhsullarından istifadə etdiyi müəyyən edilib. Kişilərdə bu göstərici 46,1 faiz olub.
Yaş qrupları üzrə ən yüksək göstərici 45–59 yaşlı qadınlarda qeydə alınıb – 29,5 faiz. 30–44 yaş qrupunda bu rəqəm 29 faiz, 15–29 yaş qrupunda isə 20,6 faiz təşkil edib.
Statistika göstərir ki, Türkiyədə tütün istifadəsində kişilər hələ də qadınları əhəmiyyətli dərəcədə üstələsə də, qadınlar arasında siqaret və digər tütün məhsullarından istifadə diqqət tələb edən səviyyədə qalır.
Qeyd edək ki, tütün istifadəsi ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri və bir sıra xərçəng növləri üçün əsas risk faktorlarından biri hesab olunur.
Onu da əlavə ermək lazımdır ki, siqaret çəkən qadınların Türkiyədə artması kimi ziyanlı tendensiya Azərbaycanda da müşahidə olunur. Belə ki, ölkədə siqaret çəkən qadınların sayının artması nəzərə çarpır ki, bu da təhlükəli nəticələrə gətirib çıxara bilər.
Təəsüflər olsun ki, bizdə bu barədə ciddi araşdırma aparılmır, sorğular keçirilmir və tədbirlər görülmür, rəsmi məlumatlar isə ya köhnədir, ya da reallığı əks etdirmir.
İmran Kərimli









