Türk serialları ailə münasibətlərinə necə təsir edir?

Türk serialları ailə münasibətlərinə necə təsir edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az Üsküdar Xəbər Agentliyinə istinadənxəbər verir ki, sosioloq, professor Ebulfez Süleymanlı türk seriallarında ailə münasibətlərinin əsasən dram, münaqişə, xəyanət, zorakılıq və digər mənfi mövzular üzərindən göstərildiyini bildirib.

Professorun fikrincə, bu cür məzmunlar tamaşaçıların emosional dünyasına mənfi təsir göstərir, ailə bağlarını zəiflədir və xaricdə türk cəmiyyəti haqqında yanlış təsəvvür yaradır.

Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin Sosiologiya kafedrasının professoru Ebulfez Süleymanlı müasir türk seriallarında ailə münasibətlərinin necə təqdim olunduğunu dəyərləndirib.

Türk seriallarında ailə əsasən konfliktlərlə göstərilir

Süleymanlı bildirib ki, müasir türk seriallarında ailə mövzusu daha çox dramatik hadisələr üzərindən qurulur.

Onun sözlərinə görə, ailədaxili zəhərli münasibətlər, xəyanət, insest və zorakılıq bu serialların əsas mövzularına çevrilib. Belə yanaşma tamaşaçıda ailənin rahatlıq və güvən yeri deyil, daim problemlərin yaşandığı bir məkan olduğu təsəvvürünü yarada bilər.

Professor qeyd edib ki, sevgi, barışıq və problemlərin birlikdə həll edilməsi kimi müsbət məqamların arxa planda qalması ailə haqqında mənfi düşüncələrin formalaşmasına səbəb olur.

Ailəni müsbət göstərən seriallar da var

Süleymanlı ailə münasibətlərini müsbət şəkildə təqdim edən serialların da olduğunu vurğulayıb.

O, “Gönül Dağı” serialını nümunə göstərərək burada sevgi, hörmət, fədakarlıq və həmrəylik kimi dəyərlərin ön plana çəkildiyini bildirib.

Professorun sözlərinə görə, türk mədəniyyətinin əsas xüsusiyyətlərini əks etdirən belə seriallar həm Türkiyədə, həm də türk seriallarına marağın yüksək olduğu digər ölkələrdə böyük tamaşaçı kütləsi toplaya bilər.

Türk cəmiyyəti daim intriqa içində göstərilir

Professor hesab edir ki, türk seriallarında ailə münasibətləri çox vaxt real həyatdan uzaq formada həddindən artıq dramatikləşdirilir.

Onun sözlərinə görə, xəyanət, aldatma, gizli sirlər və ailə daxilində ağır münaqişələr şişirdilir. Nikahdankənar münasibətlər və ailə üzvləri arasında güclü nifrət də tez-tez ön plana çıxarılır.

“Bu cür məzmunlar tamaşaçıların emosional dünyasına zərər vurur, ailə bağlarını zəiflədir. Eyni zamanda türk insanının daim intriqalar içində yaşayan bir cəmiyyətin üzvü kimi göstərilməsi xüsusilə xaricdə yanlış təsəvvür yaradır”, – deyə Süleymanlı vurğulayıb.

Türkiyənin imicinə də mənfi təsir göstərə bilər

Süleymanlı bu cür serialların yalnız ailə münasibətləri baxımından deyil, beynəlxalq səviyyədə də tənqid olunduğunu qeyd edib.

Bəzi ölkələrdə serialların ailə quruluşuna mənfi təsir göstərdiyi əsas gətirilərək onların qadağan olunması məsələsinin müzakirə edildiyini bildirən professor belə məzmunların Türkiyənin beynəlxalq imicinə də təsir göstərə biləcəyini söyləyib.

“Serialların xarici valyuta gəlirləri və turizmə töhfəsi qısa müddətdə müsbət görünə bilər. Lakin uzunmüddətli perspektivdə bu məzmunlar Türkiyənin beynəlxalq imicinə mənfi təsir göstərə bilər”, – deyə Süleymanlı bildirib.

Bəzi ölkələrdə türk seriallarının qadağan olunması tələb edilir

Professor bəzi ölkələrdə türk seriallarının qadağan olunmasını istəyənlərin əsas arqumentlərinə də toxunub.

Süleymanlının sözlərinə görə, ailə münasibətlərinin təhrif olunmuş formada təqdim edilməsi, xəyanət və zorakılığın normallaşdırılması kimi mövzular bu tənqidlərin əsas səbəblərindəndir.

Rusiyada türk seriallarının nikahlara təsiri də müzakirə olunur

Türk seriallarının müxtəlif ölkələrdə fərqli səbəblərlə tənqid edildiyini bildirən Süleymanlı rusiyalı psixoloq Andrey Zberovskinin fikirlərini də xatırladıb.

Professorun sözlərinə görə, Zberovski türk seriallarında kişi obrazlarının həddindən artıq ideal şəkildə təqdim edilməsinin rusiyalı qadın tamaşaçılarda real həyatdan uzaq gözləntilər yarada biləcəyini bildirib.

Bu yanaşmaya əsasən, qadınların həyat yoldaşlarını seriallardakı “mükəmməl” kişi obrazları ilə müqayisə etməsi məyusluğa, nəticədə isə Rusiyada nikahların zəifləməsinə səbəb ola bilər.

Azərbaycanla bağlı mədəni elementlər də tənqid olunub

Süleymanlı türk seriallarının xaricdə yalnız ailə mövzularına görə deyil, bəzi mədəni elementlərin təqdimatına görə də tənqid olunduğunu bildirib.

O qeyd edib ki, bəzi seriallarda Azərbaycan kimi qardaş ölkənin dili, mahnıları və mədəni elementləri yumor məqsədilə olsa belə, təhrif olunmuş və hətta lağlağı formada təqdim edilib.

Professorun sözlərinə görə, bu cür hallar həmin ölkənin ictimaiyyətində ciddi narazılıq yarada bilər.

“Belə nümunələr türk seriallarının ‘yumşaq güc’ rolunu yerinə yetirməsinə mane olur. Mədəni yaxınlığı gücləndirmək əvəzinə, hətta ən yaxın coğrafiyalarda belə mənfi təsəvvürlərin yaranmasına səbəb olur”, – deyə Süleymanlı qeyd edib.

Seriallar gənclərin ailə haqqında düşüncələrinə də təsir edir

Professor uşaqların və yeniyetmələrin müxtəlif platformalarda izlədiyi serialların onların ailə haqqında düşüncələrinə və davranışlarına təsir göstərə bildiyini vurğulayıb.

Süleymanlı bildirib ki, gənclər xüsusilə mənfi obrazlardan təsirlənə bilirlər. Cinayətkarların, fırıldaqçıların, zorakılıq edən və mənəvi qaydaları pozan insanların seriallarda cəlbedici və dramatik formada göstərilməsi yeniyetmələrin belə davranışları təqlid etməsinə səbəb ola bilər.

Professorun sözlərinə görə, evdə sağlam nümunə görməyən yeniyetmələr serial qəhrəmanlarını özlərinə nümunə götürə bilərlər.

Bundan başqa, seriallardakı ehtiraslı sevgi münasibətləri, dramatik barışıqlar və intiqam süjetləri gənclərin real münasibətlərdən də oxşar davranışlar gözləməsinə səbəb ola bilər.

“Güclü dramatik mövzular gənc tamaşaçılarda ailə haqqında real həyatdan uzaq gözləntilər yaradır. Bu isə uzunmüddətli perspektivdə ailədaxili ünsiyyətə və münasibətlərə mənfi təsir göstərə bilər”, – deyə professor bildirib.

Ailə münasibətləri daha sağlam şəkildə göstərilməlidir

Süleymanlı ailə dəyərlərini dəstəkləyən seriallarda sağlam ailə münasibətlərinin daha çox ön plana çıxarılmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, seriallarda yalnız dramatik hadisələr deyil, sevgi, hörmət, etibar və həmrəylik kimi dəyərlər də göstərilməlidir.

Professor zorakılıq və mənfi münasibət modellərindən mümkün qədər uzaq durmağın gənc tamaşaçılara sağlam münasibətləri öyrətmək baxımından əhəmiyyətli olduğunu bildirib.

Serialların hazırlanmasında sosioloqların iştirakı vacibdir

Süleymanlı serialların sosial məsuliyyət nəzərə alınmaqla hazırlanmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, ailələrin də uşaqlarının izlədiyi məzmunlara nəzarət etməsi önəmlidir. Eyni zamanda serialların monitorinq prosesinə sosioloqların cəlb olunması məzmunun cəmiyyətə təsirinin daha düzgün qiymətləndirilməsinə imkan verə bilər.

Professor hesab edir ki, sosioloqlar serialların cəmiyyətə təsirini araşdırmaqla ailə münasibətlərini və sosial bağları gücləndirən məzmunların hazırlanmasına töhfə verə bilərlər.

Süleymanlı vurğulayıb ki, serialların hazırlanmasının ilk mərhələsindən etibarən sağlam ailə münasibətlərini əks etdirən ssenarilərə üstünlük verilməsi gənclərə mənfi təsirlərin azalmasına kömək edə bilər.

Belə seriallar həm ailə və sosial bağları gücləndirə, həm də Türkiyənin mədəni imicinə müsbət təsir göstərə bilər.

Qeyd edək ki, cəmiyyətə ziyanlı ola biləcək türk seriallarına Azərbaycanda da çox baxılır.

İmran Kərimli