Süni intellektdən ixtisas seçimi və universitetlərlə bağlı məlumat əldə edərkən ehtiyatlı olmaq lazımdır. Təhsil eksperti Elçin Əfəndinin fikrincə, bu texnologiya hələ də abituriyentlər üçün tam etibarlı informasiya mənbəyi hesab oluna bilməz.
Ekspert Modern.az-a açıqlamasında bildirib ki, süni intellekt bəzi hallarda, xüsusilə ödənişli versiyalarda daha dəqiq məlumat təqdim etsə də, ixtisaslaşma və qəbul prosesi ilə bağlı məlumatlarda ciddi çatışmazlıqlar qalmaqdadır.
Onun sözlərinə görə, əsas problem süni intellektin köhnə məlumat bazasına əsaslanmasıdır:
“Qəbul prosesində cari ilin plan yerləri, təhsil haqları, ixtisas şifrələri və universitetlərin qəbul etdiyi dəyişikliklər əsas rol oynayır. Bu məlumatlar hər il yenilənir. Bəzi ixtisaslar ləğv olunur, yeniləri yaradılır, şifrələr dəyişir. Süni intellekt isə bu dəyişiklikləri hər zaman operativ əks etdirə bilmir. Buna görə də bu istiqamətdə təqdim etdiyi məlumatlara tam güvənmək mümkün deyil”, – deyə E.Əfəndi bildirib.
Ekspert qeyd edib ki, süni intellekt ümumi məlumatların əldə edilməsində faydalı ola bilər:
“Məsələn, hansı ixtisasların gələcəkdə daha perspektivli olduğu və ya əmək bazarında daha çox tələb gördüyü barədə ümumi məlumatlar təqdim edə bilər. Amma abituriyentlər üçün həyati əhəmiyyət daşıyan qəbul qaydaları, plan yerləri və ixtisas şifrələri kimi məsələlərdə süni intellektə tam etibar etmək düzgün deyil”, – deyə o vurğulayıb.









