İsrail döyüş təyyarələri blokadada olan Qəzza zolağının bəzi nöqtələrini raketlərlə hədəfə alıb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin (Vafa) məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki əraziyə üç raketlə hücum edib.
Hücumun hədəfi olan ərazidə yanğın baş verib, yaxınlıqdakı mülki yaşayış məntəqələrinə maddi ziyan dəyib.
Şəhərin cənub-qərb hissəsindəki Şeyx Aclin bölgəsinə iki raketlə edilən ikinci hava hücumunda hədəflərə maddi ziyan dəyib.
İsrail döyüş təyyarələri həmçinin Qəzzanın mərkəzi və şimal hissəsindəki əkinçilik sahələrini və Beyt Lahya qəsəbəsinin şimalındakı bir nöqtəni bombalayıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat paylaşılmayıb.
Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Qəzzadan atılan raketə cavab üsulunu qiymətləndirmək üçün kabinetdən fövqəladə iclas tələb etdiyini bildirib.









