SƏRHƏDDƏKİ TƏXRİBATLARIN ARXASINDA KİMLƏR DAYANIR? – POLİTOLOQLAR DƏYƏRLƏNDİRDİ…

SƏRHƏDDƏKİ TƏXRİBATLARIN ARXASINDA KİMLƏR DAYANIR? – POLİTOLOQLAR DƏYƏRLƏNDİRDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Zod (Söyüdlü) istiqamətində təxribat hücumu nəticəsində başlayan döyüşlər davam edir. Ermənilər İran dronlarından istifadə etməklə döyüşün miqyasını genişləndirməyə çalışırlar. Ordumuz cavab tədbirləri həyata keçirir.

Tribuna.az yazır ki, politoloqların fikrincə, sərhədin bu istiqamətində davamlı erməni təxribatlarına son qoymağın həll yolu Söyüdlü yatağını tam nəzarətə götürməkdir.

Siyasi analitik Elxan Şahinoğlu sərhəddə baş verən təxribatla bağlı iki versiya irəli sürüb. Onun fikrincə görüşdən yayınmaq istəyən Paşinyan sərhəddə tıxribata yaşlı işıq yandırıb:

“Paşinyan son açıqlamalarının birində Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Mişeldən ona görə narazıdır ki, Avropa İttifaqının rəhbəri Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur. Paşinyan Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa “yox” deyə də bilmir, ancaq danışıqlarda nəticə əldə edilməməsi üçün müzakirələrdən bir neçə gün əvvəl sərhəddə təxribata yaşıl işıq yandıra bilərdi”.

Politoloq digər versiyasna görə isə təxribatın arxasında Rusiya dayanır:

“Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. “Beşinci kolon” dedikdə Rusiya kəşfiyyatıyla bağlı olan yüksək rütbəli erməni hərbçiləri nəzərdə tutulur. Əgər Paşinyan ordusuna nəzarət edə bilmirsə, demək Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi. Bu halda “Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib. Demək Azərbaycan ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistan tərəfi Rusiyanın təhriki ilə Vaşinqton prosesini pozaraq, Moskva variantına üstünlük vermək üçün bu təxribatlara gedir. Moskva variantı əsasən, Qarabağda “erməni icmasına” “status” verilməsidir:

“Ermənistanın bu təxribatı danışıqları pozmaq və sülh prosesindən tam yayınmaqdır. Məhz ötən gün N. Paşinyanın təhlükəsizlik orqanlarının toplantısını keçirməsi, baş verənlərin arxasında birbaşa onun dayandığını göstərir. Bununlada Brüssel və Kişinyovda gözlənilən danışaqlar prosesinin sual altına düşdü.

Azərbaycan Ermənistana hərbi zərbələr endirməli və Qarabağda silahlı erməni birləşmələrinə qarşı əməliyyatlar keçirməlidir. Laçın yolunda Ermənistanla sərhəddə NBM bağlamalıdır”.