Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş rəhbəri Saleh Məmmədovun yeni biznesləri üzə çıxıb.
Tribuna.az xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı iki maraqlı xəbər paylaşıb.
O bildirib ki, Saleh Məmmədov bir müddət əvvəl Almaniyada 24 hektar torpaq sahəsi alıb. Həmin torpaqların kənd təsərrüfatı təyinatlı olub, olmadığı məlum deyil. Böyük ehtimalla əkinçilik üçün yararlıdır.
Həsənlinin ikinci xəbəri isə keçmiş agentlik rəhbərinin Almaniyada daha bir biznesə malik olması ilə bağlıdır. O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzilli 2 yaşayış binası tikir. Həsənli bildirib ki, binaların investisiya dəyəri 13-15 milyon avro civarındadır. “Tikinti layihəsinin rəsmi planına əsasən binaların 2027-ci ilin yayında və ya sonlarında tam təhvil verilməsi (tamamlanması) nəzərdə tutulub”.
Qeyd edək ki, Saleh Məmmədov işdən çıxarıldıqdan sonra onun dövlətə 700 milyon manata yaxın ziyan vurduğuna dair iddalar gündəmə gəlmişdi. Açılq mənbələrdə bununla bağlı bir sıra xəbərlər də paylaşılıb. Həmin bilgilərdən belə məlum olur ki, keçmiş sədr yolların çəkilməsində bir sıra əyintilərə yol verməklə yanaşı, büdcə vəsaitlərini təyinatı üzrə xərcləməkdən də yararlanıb.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.










