İbtidai sinif şagirdi də bilir ki, Azərbaycan təhsilində “Qara bazar”ın yaradıcısı “Yaşıl bazar”ın yanında yerləşən nazirlikdə oturan Emin Əmrullayevdir. Repetitorluğun geniş şəbəkələşməsinin baiskarı odur və bu hərakatı var gücü ilə genişlənməsinə şərait yaradır.
Tribuna.az xəbər verir ki, bu fikirləri sabiq deputat, təhsil üzrə mütəxəssis Etibar Əliyev səsləndirib. O bildirib ki, Əmrullayev bu yaxınlarda keçirdiyi mətbuat konfransında da repetitorluğu açıq-aşkar dəstəklədi:
“Dövlət İmtahan Mərkəzinin bu işdə marağının olmamasını hamı bilir. DİM bu xidmətdən istifadə edənlərin və etməyənlərin biliklərini qiymətləndirir.
Repetitorluq valideyinlərin büdcəsini dağıdır, insanları yoxsulluğa sürükləyir.
Əmrullayev isə yoxsul və varlıların övladlarının təhsil göstəricilərini müqayisə edir. Orta məktəblər bilik və tərbiyə etmək funksiyasını itirdiyinə görə valideyinlər uşaqlarının geyimindən, qidalanmasından, istirahətindən kəsib Əmrullayevin “qara bazar”ına yönəldirlər.
Orta məktəblərdə sinif otaqlarını repetitorluq üçün icarəyə Məleykə Abbaszadə verir?
Bəlkə belədir, biz bilmirik?
“Qara bazar”ın mərkəzi isə Təhsil institutudur. Milyonlarla manatlıq tenderlər və qrant layihələri dostluq, tanışlıq, qohumluq əlaqələri olanlara peşkəş edilir.
Bəs bazar adamlarını təhsil sistemində vəzifəyə kim gətirib?
E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) “Azərşəkər” MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.
Bu harasıdır…
Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda “Azgranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. İndi Dövlət Peşə Agentliyinin rəhbəridir.
Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli “Astaraçay” MMC-də şöbə müdiri vəzifəsində işləyib.
Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.
Bunların sayəsində 15 yaşlı Azərbaycan məktəbliləri PISA 2025: Elm üzrə sıralamada 67-ci yerdə, Riyaziyyat üzrə sıralamada 70-ci yerdə, Oxuyub – anlama üzrə sıralamda 69-cu yerdə qərarlaşıb”.
Nigar İxtiyarqızı









