Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2018-ci ildə keçirilən imtahanlarında yer tutan Azərbaycan şagirdlərinin 85%-i oxuduqlarını anlamaqda çətinlik çəkirlər.
Tribuna.az-ın məlumatına görə, bu barədə danışan təhsil eksperti Kamran Əsədov PISA-2018-in(Programme for International Student Assessment – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrini paylaşıb.
Ekspert bildirib ki, PISA 2018-ci ildə keçirilən imtahanın nəticələrinə əsasən Azərbaycan bu imtahana qatılan 77 ölkə arasında ortalama 389 balla 68-ci yerdə qərarlaşıb:
“2018-ci ildə əsasən oxu bacarıqlarına (oxuyub-anlama) üstünlük verilib. Səviyyələr üzrə isə nəticələrimiz çox acınacaqlı olub. İmtahana qatılan şagirdlərimizin 85%-i 3-cü səviyyənin altında, 15%-i üstündə qərarlaşıb.
2018-ci ildə bu imtahana qatılan şagirdlər artıq məktəbi bitirib, bəziləri bəlkə də universitetdə təhsil alır. Lakin nəticə olaraq həmin şagirdlərin 85%-i oxuduqlarını anlamaqda çətinlik çəkirlər”.
K.Əsədov bildirib ki, Azərbaycan, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramına yalnız Bakı şəhərinin məktəbliləri ilə qatılır.









