Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rərlərə ehtiyac yoxdur. Şahbazın yazısı bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq!
Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair Sabir Rüstəmxanlı çıxış edib. “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlunun Türkiyə türkcəsinin rəsmi dil kimi qəbul edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən S.Rüstəmxanlı qeyd edib ki, heç kəs Şahbazın yazısındakı kinayəyə, ağrıya fikir verməyib:
“Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmıtsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq!
Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür.
O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”.
Qeyd edək ki, “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu Türkiyə türkcəsinin rəsmi dil kimi qəbul edilməsini təklif edib. O fikirlərini onunla əsaslandırıb ki, ölkədə daha çox rus və türk dilində kitablar oxunur, Azərbaycan dilinə tərcümə edilmiş kitablar alınmır. Tərcümələr bəyənilmir.









