Kremldən verilən açıqlamada “Türkiyədə seçkilərə müdaxilə etdiyimizlə bağlı açıqlamanın səbəbini bilmirik və buna qəti şəkildə qarşıyıq” – deyilib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyədə seçkilərlə bağlı iddialarla qarşı açıqlama verib.
Kreml sözçüsü Peskov, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu tərəfindən irəli sürülən Rusiyanın seçkilərə müdaxilə iddiasını açıq şəkildə rədd edərək, “Bizim heç bir müdaxiləmiz olmadığını rəsmən bəyan edirik. Rusiya heç vaxt daxili işlərə və seçki proseslərinə qarışmayacaq”, – deyib.
Ərdoğanla telefon danışığı olub-olmayacağını soruşduqda Peskov, proqramda belə bir görüş olmadığını, lazım gələrsə, təşkil edə biləcəyini deyib.
CHP sədri və Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu isə dünən Tviter hesabında bunları paylaşıb: “Əziz rusiyalı dostlar, dünən bu ölkədə üzə çıxan montajların, süjetlərin, “Deep Fake” məzmununun və lent yazılarının arxasında sizlər varsınız. 15 Maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin. Biz hələ də əməkdaşlıq və dostluğun tərəfdarıyıq”.









