Rusiyanın Komi Respublikasında seçki məntəqələrindən birində bülletenlərin topa atılması ilə bağlı yayılan məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Tribuna.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovanın sözlərinə görə, sentyabrın 18-də Komidəki seçki məntəqələrindən birində mümkün qanun pozuntusu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, həmin məntəqədə partiyalardan birinin lehinə işarələnmiş təxminən 50 bülleten aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları doldurulmuş bülletenləri sübut kimi müsadirə ediblər.
Pamfilova bildirib ki, hadisəyə baxmayaraq, Komidə səsvermə prosesi dayandırılmayıb və seçki məntəqəsi saat 20:00-da fəaliyyətini başa çatdırıb.
MSK sədri seçki prosesi zamanı qeydə alınacaq hər hansı qanun pozuntusuna sərt reaksiya veriləcəyini də vurğulayıb.
Qeyd edək ki, Pamfilova daha əvvəl 2026-cı il Vahid Səsvermə Günü çərçivəsində 4,6 milyondan çox seçicinin erkən səsvermədə iştirak etdiyini açıqlayıb.
Rusiyada Dövlət Dumasının yeni tərkibinin müəyyənləşdirilməsi üçün səsvermə sentyabrın 18-dən 20-dək üç gün ərzində keçirilir. Seçkilər nəticəsində parlamentdəki 450 deputat mandatının bölüşdürülməsi müəyyənləşəcək.









