Beynəlxalq hüquqla Azərbaycana heç bir qadağa qoyula bilməz. Rusiya tərəfi də bunun fərqindədir.
Bu sözləri Tribuna.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulmasına Rusiyadan gözlənilən sərt reaksiyanın verilməməsi ilə bağlı danışarkən deyib.
AMİP sədri qeyd edib ki, Azərbaycan heç bir beynəlxalq hüququ pozmayıb:
“Rusiyanın bütün dünya ilə savaşa qalxdığı bir dönəmdə, Azərbaycanın və Türkiyənin söz və güc sahibi olduğu bir vaxtda Azərbaycanın əleyhinə hər hansısa addım atmaq imkanları əvvəlki kimi deyil. Azərbaycan da əsaslandıraraq bu müddət ərzində addım-addım öz konkret iradəsini ortaya qoydu. Buna da heç bir halda və heç bir beynəlxalq hüququn hər hansısa norma və prinsipləri ilə müqavimət göstərmək, buna qarşı çıxmaq mümkün deyil. Bu səbəbdən də təbii ki, Azərbaycan haqlıdır və haqlı mövqeyini ifadə edib. İstər Rusiya, istərsə də bir sıra ermənipərəst Qərb gücləri sıradan növbətçi bəyanatlar verməklə vəzifələrini bitmiş hesab edirlər. Bu da ermənilərin qəlbini qırmamaq üçün atılan addımlardır. Ancaq istənilən tərəf başa düşür ki, Azərbaycanın öz sərhədlərində Ermənistandan Azərbaycana Laçın-Xankəndi yolu ilə olan ərazidə nəzarət buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz doğal hüququdur. Buna da heç kəs mane ola bilməz”.









