2019-cu ildə Norveçdə görülən və Rusiya donanmasının öyrətdiyi “casus” balina olduğu iddia edilən ağ balina bu dəfə İsveç sahillərində görülüb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, İlk dəfə Norveçin Finnmark bölgəsində kəşf edilən balina bazar günü İsveçin cənub-qərb sahilindəki Hunnebostrand bölgəsində aşkarlanıb.
Dəniz bioloqu Sebastian Strand balinanın sürətlə uzaqlaşdığını və bunun səbəbinin bilinmədiyini bildirib.
Sözügedən balina ilk dəfə Norveçdə peyda olanda Norveç Balıqçılıq İdarəsinin dəniz bioloqları ona bağlanmış süni bir kəmər tapmışdılar.
Kəmərdə hərəkət kamerasının bağlana biləcəyi mexanizm və üzərində “Avadanlıq Sankt-Peterburq” yazısı olan plastik toqqa var idi.
Moskva isə balinanın “Rusiya casusu” olması ilə bağlı iddialara rəsmi cavab verməyib.









