“Təbiət elmləri, oxu savadlılığı və riyaziyyat üzrə qızların nəticələri oğlanları ötüb”.
Tribuna.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında bildirib.
O bildirib ki, PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələrinə əsasən, azərbaycanlı qızlar bütün qiymətləndirmə istiqamətləri üzrə oğlanlardan daha yüksək göstəricilər nümayiş etdiriblər.
Nazir bildirib ki, təbiət elmləri üzrə qızlar 416, oğlanlar isə 402 bal toplayıblar. Ən böyük fərq isə qızların xeyrinə olmaqla oxu savadlılığında qeydə alınıb. Oxu savadlılığı üzrə qızlar 392, oğlanlar isə 356 bal toplayaraq aradakı fərqi 36 bala (dünya üzrə orta fərq təxminən 38 baldır) çatdırıblar.
Emin Əmrullayev vurğulayıb ki, qızların oxu üzrə yüksək göstəriciləri belə baza səviyyəsinin altındadır və bu istiqamətə xüsusi diqqətin artırılmasını zəruri edir:
“Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir (qızlar 423, oğlanlar 422 bal). Əvvəllər bu istiqamətdə əsasən oğlanların xeyrinə 4 bal civarında fərq olurdu. Amma indi biz tamamilə fərqli nəticə görürük. Beynəlxalq təcrübədə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə edilir və dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olur. Azərbaycanda isə əks mənzərə yaranıb”.
Nazir bu vəziyyətin səbəblərinin dərin təhlil olunmasının vacibliyini vurğulayaraq, məsələyə yalnız təhsil sistemi çərçivəsində deyil, valideynlərin və cəmiyyətin də məsuliyyəti baxımından yanaşılmalı olduğunu bildirib: “Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların göstəricilərində belə bir dinamika yaranır?”
O əlavə edib ki, oxu savadlılığı ilə bağlı PISA nəticələrində Bakı şəhəri 56-cı yerdədir.









