Almaniya, İngiltərə, ABŞ, Kanada kimi inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələrdə işsizlər, aztəminatlı və imkansız insanlar üçün simvolik, çox aşağı qiymətə və ya ümumiyyətlə havayı müəyyən şətlərlə ərzaq, qida əldə edə bilməsi üçün “Food bank”lar (qida bankı) fəaliyyət göstərir. Müəyyən ianələr və ya könüllü şəxslər sayəsində supermarketlərdən ərzaqlar, restornlardan isə artıq qalmış təmiz yeməklər həmin Food banklara toplanır və bundan milyonlarla kasıb insan yaralanır ki, bu da həm ac qarınları doyurur, həm də qida israfçılığının qarşısını alır. Ancaq təəssüf ki, Azərbaycanda “Food bank”lar mövcud deyil. Ölkədə kifayət qədər market, şadlıq evləri, restoran olduğunu nəzərə alsaq, il ərzində bu marketlərdə milyonlarla məhsulun alınmadan vaxtı ötür, restoranlarda isə yeyilməmiş hazır yeməklər zibilliyə atılır. Halbuki qida banklarına bu cür məhsulların toplanması daha məqsədə uyğun olardı.
Rəşad Həsənov
Mövzu ilə bağlı Tribuna.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, əslində Azərbaycanda da bu cür qida banklarının yaradılmasına mane olan heçnə yoxdur. Sadəcə Azərbaycanda ictimai məsələlərə münasibətdə vətəndaş mövqeyi inkişaf etməyib:
“Azərbaycanda ianə mədəniyyəti institutlaşmayıb. Düzdür, bəzi sahələrdə biz bunu müşahidə edirik, amma bu daha çox bir sıra fərqli məqsədlərə yönəldilir, dini tədbirlərə və sairə.
Azərbaycan vətəndaşı ictimai problemlərə münasibətdə vətəndaş mövqeyini sərgiləməkdə müasir alətlərdən istifadə bacarığına malik deyil. Uzunmüddətli dövrdə əslində bu istiqamətdə mövcud olan ciddi nöqsanlar belə bir çəkingənliyi formalaşdırır, bunun da bir təsiri olur təbii ki. Yəni ianələrin hansısa korrupsiya predmetinə çevrilməsi, arzuolunmayan məqsədlərə yönəldilməsi subyektiv maraqlar çərçivəsində istifadəsi və sair bu institutu öldürüb.

Bəzi ölkələrdə şirkətlər belə bir korperativ sosial məsuliyyət çərçivəsində, yəni ətrafda ac insanlar olmasın, ac uşaqlar yatağa girməsin prinsipi ilə müəyyən şirkətlər korperativ məsuliyyət çərçivəsində bu ərzaq banklarının yaradılmasına can atırlar.
Ancaq Azərbaycanda bunu müşahidə etmirik. Azərbaycanda belə bir prinsip mövcud deyil. Təkcə istehsal müddəti bitməsinə az qalmış məhsullar deyil, bütün ərzaqların belə banklarda yığılması təcrübəsi bütün dünyada var.
Azərbaycanda kifayət qədər restoranlar və mərasim evləri fəaliyyət göstərir. Bunlarda kifayət qədər izafi ərzaqlar qalır. Gün ərzində tədbirlərin sonunda izafi ərzaqdan istifadənin peşəkar təşkili yolu ilə həmin yeməklər az təminatlı, ehtiyacı olan şəxslərə könüllü şəkildə paylanıla bilər. Şəhərin bir neçə yerində bunu təşkil etmək olar. Hətta regionlarda da təşkil etmək olar. Sadəcə bununla bağlı layihə icra olunmalıdır, vətəndaş cəmiyyəti institutları mövqe ortaya qoymalıdır və eyni zamanda dövlət də bu istiqamətdə, məsələn yerin ayrılması və sairlə öz dəstəyini göstərməlidir”.
İqtisadçı bildirib ki, bu həm ac qarınların doyması, həm də ərzağın, hazır yeməklərin zay olmaması baxımından ən unikal variantdır:
“Bizdə qanunvericilikdə dediyiniz bu bankların formalaşmasının qarşısını alan heç nə yoxdur. Qida bankları yaradılması üçün əvvəlcə aztəminatlı insanlar müəyyən edilməlidir. O şəxslər çox vaxt bu banklarda yığılan ərzağı, yeməyi götürməyə çəkinə bilər. Sistem elə işləməlidir ki, həmin qidalar toplandıqdan sonra ehtiyacı olan insanlara paylanılsın. Ona görə bütün detalla işlənməli, insanların bu ərzaq və yeməkləri götürməkdən çəkinməməsi, utanmaması üçün müəyyən işlər aparılmalıdır. Qanunvericilik bu prosesin, bu bankların yaradılmasının qarşısını almır”.
Tribuna.az












