Jurnalistlərdən metro rəhbərinə SƏRT sözlər: “Elə bilir sakinlər şəhərə ancaq gəzməyə gəlir” – Video

Jurnalistlərdən metro rəhbərinə SƏRT sözlər: “Elə bilir sakinlər şəhərə ancaq gəzməyə gəlir” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin yeni rəisi Vüsal Aslanovun müsahibəsi zamanı Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamalda yaşayan sakinlərin metro ehtiyacı ilə bağlı dedikləri müzakirələrə səbəb olub. V.Aslanovun fikrincə, Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamalda metro stansiyası tikilsə, o ərazilərdə yaşayan sakinlər şəhərin mərkəzinə gəlməyə çalışacaq.

Tribuna.az xəbər verir ki, QSC sədrinin bu sözlərinə münasibət bildirən “Azvision.az” saytının baş redaktoru jurnalist Vüsal Məmmədov bildirib ki, Vüsal Aslanov elə bilir stansiya yoxdu deyə sözügedən ərazilərdəki sakinlər şəhərə gəlmir:

“Vüsal Aslanov elə bilir ki, əgər metro stansiyası yoxdursa, deməli, Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal sakinləri şəhərin mərkəzinə gəlmirlər. Adam Bakını Lük Bessonun “13-cü kvartal” filmindəki kimi gettolara bölünmüş təsəvvür edir. Cənab rəis, metro oldu-olmadı, həmin insanlar onsuz da şəhərin mərkəzinə gəlirlər. Sadəcə, daha əziyyətlə: yaxın metro stansiyasına qədər avtobusla, “manatlıq taksi” ilə çatır, sonra metro ilə yollarına davam edirlər”.

Jurnalist Zülfiyyə Quluyeva da Vüsal Aslanovun sözləri ilə razılaşmayanlardandır. O bildirib ki, QSC rəhbəri elə bilir sakinlər şəhərə ancaq gəzməyə gəlir:
““Müəllim” elə hesab edir ki, Binəqədidə yaşayan insanlar metro olarsa əylənmək, alış-veriş etmək, bulvarda gəzib dolaşmaq üçün şəhərin mərkəzinə gələ bilərlər. Onu düşünmür ki, belə asudə vaxta sahib adamların Binəqədidə nə azzarı var? Bakıətrafında yaşayan insanların çoxu dolanışıq üçün şənbə-bazar da işləyir. Sadəcə adam düşünür ki, bu ağılla, dərrakə ilə bu müəllim necə gəlib o vəzifəyə? Hələ bəlkə də bu kəlmələri dərindən düşünüb deyib. Gör hələ mikrafon, kamera olmayanda bu nə danışır”.

Gülşən Rəsul