Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində Qaziantepin Nurdağı rayonunda dağılan “Yunus Kaya Mənzil” və “Yaşam” adlı tikililərin podratçısı AK Partiyadan olan Nurdağı rayon bələdiyyəsinin məclis üzvü Yunus Kaya olduğu ortaya çıxıb.
Tribuna.az İndependentTürk-ə istinadən xəbər verir ki, oğlu və yaxınlarını bu binada itirən Ünal Yıldırım “Bu binanın altından su qaynayırdı. Evin altından dəniz kimi su çıxırdı, amma məni dinləyən olmadı” deyib.
Binalar CCK Group tərəfindən tikilib. Yunus Kaya CCK Group-un İdarə Heyətinin sədridir. CCK Group-un saytında Yunus Kaya Mənzilinin 2016-cı ildə tikildiyi bildirilir. Eyni saytda Yaşam rezidansları “Biz sizin xəyallarınızdan ilham aldıq. Unikal yaşayış sahələri təqdim edən layihəmizlə arzularınızı reallaşdıracaqsınız” sözləri ilə təqdim olunur.
Zəlzələdə oğlunu itirən Ünal Yıldırım yaşadıqlarından danışıb. “Oğlum bankda işləyirdi. Yunus Kaya oğluma dedi ki, gəl sənə ev satım. Oğluma dedim ki, ondan ev alma. Evləri düz deyil”, – Yıldırım bildirib.
“Bu evi bizə 260 minə satdı. 2020-ci ildə almışıq. Sonra 140 min lirə verdim. İl yarıma bitirəcəyini dedi. Sadəcə bir ay əvvəl köçüblər. Oğlum köçəli 25 gün keçmişdi. Mən götürüb əllərimlə qatil binasına qoydum”.
Tribuna.az









