“Qarabağ”dan 80-ci böyükhesablı ev qələbəsi, “Keşlə”dən 800-cü qol

“Qarabağ”dan 80-ci böyükhesablı ev qələbəsi, “Keşlə”dən 800-cü qol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” Azərbaycan çempionatlarında 80-ci böyükhesablı ev qələbəsini qazanıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXI turuna təsadüf edib.
“Köhlən atlar” “Səbail”ə 5:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi 1992-ci ildən təşkil olunan yarışda bunadək 79 ev görüşündə 3 və ya daha çox top fərqi ilə qələbə qazanmışdı.
“Qarabağ”ın evdəki ilk belə qələbəsi 1992-ci ilə təsadüf edib. Mayın 6-da keçirilmiş II tur qarşılaşmasında Ağdam komandası Kürdəmir “Şirvan”ını 6 cavabsız qolla məğlubiyyətə uğradıb.
Qeyd edək ki, ötən tur “Zirə”ni rəqib meydanında 3:0 hesabı ilə yenən “Qarabağ” səfərdə 40-cı dəfə böyükhesablı qələbəyə sevinib.
“Keşlə” isə Azərbaycan çempionatlarında 800-cü qolu vurub. Bu, Premyer Liqanın XXI turunun “Qəbələ” ilə matçına təsadüf edib.
1:1 hesabı ilə başa çatan görüşdəki ilk qolun müəllifi Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
1999-cu ildən “Xəzər Universiteti” və “İnter” adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
“Keşlə” Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları görüşdə qeydə alınıb.