Ötən gün Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun alimləri açıq məktub dərc edərək, ictimaiyyətin diqqətini həmkarlarının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əsassız şəkildə həbsinə yönəltməyə çalışıblar.
“AzPolitika.info” xəbər verir ki, məktubda bildirilib ki, Sibir bölməsinin alimləri – Anatoli Maslov, Aleksandr Şiplyuk və Valeri Zveqintsev xaricdə konfranslarda çıxış etdiklərinə, məşhur jurnallarda məqalələr dərc etdiklərinə və beynəlxalq layihələrə qatıldıqlarına görə vətənə xəyanətdə ittiham olunaraq saxlanılıblar.
Qeyd edək ki, söhbət hipersəs raket texnologiyası üzərində işləyən üç rusiyalı alimdən gedir.
Kreml hər üç alimin casusluq və dövlətə xəyanət ittihamı ilə həbs edildiyini təsdiqləyib.Rusiya Prezidentinin spikeri Dmitri Peskov deyib ki, Kreml alimlərin müraciətini görüb, lakin onlar vəziyyətə müdaxilə edə bilmirlər.
“Rusiya xüsusi xidmət orqanları işləyir, öz funksiyalarını yerinə yetirirlər. Bu, çox ciddi ittihamdır. Təbii ki, insan ancaq məhkəmənin qərarı ilə təqsirli hesab oluna bilər. İstintaq prosesi zamanı bizim danışmağa haqqımız yoxdur”, – deyə Peskov bildirib.
Qeyd edək ki, son günlər Ukrayna ordusu Putinin “möcüzəvi silah” adlandırdığı “Kinjal” hipersəs raketlərini “Patriot” sistemləri vasitəsilə zərərsizləşdirməyi bacarıb. Nəticədə Putinin dünyada bu raketləri saxlaya biləcək sistem yoxdur” kimi bəyanatları boşa çıxıb.









