POLİETİLEN TORBALARIN ÖDƏNİŞLİ OLMASI BÜDCƏYƏ HEÇ NƏ QAZANDIRMIR…

POLİETİLEN TORBALARIN ÖDƏNİŞLİ OLMASI BÜDCƏYƏ HEÇ NƏ QAZANDIRMIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulu olacaq. Ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılmalıdır.

Tribuna.az yazır ki, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının büdcə ilə birbaşa əlaqəsi yoxdur. Onun fikrincə, polietilen torbaları kommersiya müəssisələri satır və onlar ancaq satışdan gələn gəlirdən vergi verməlidirlər:

“Sadəcə, Azərbaycan da dünyada gedən trendlərə, “Dovos gündəliyinə” ayaq uydurmağa çalışır. Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər. Yəni, Avropa ölkələrində və ABŞ-ın bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb, sosial çarxlar hazırlayıblar. Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar. Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər. Amma bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər”.

Ekspert bildirib ki, Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə, ondan imtina edirlər, halbuki, bu, tamamilə yanlışdır – inkişaf etmiş ölkələrdə ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə polietilen torbalardan imtina edilir:

“Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının ideya olaraq anlaşılandır, amma bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq. Odur ki, mən bunun ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm. Yəni, polietilen torbalardan imtina insanların könüllü davranışından doğmalıdır. Daha yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın. Hətta, dövlət heç olmasa 1 illik bunun üçün ekoloji təşkilatlara qrant vəsaiti də ayıra bilərdi. Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək və bu qərar sadəcə vətəndaşlarda növbəti narazılıq yaradacaq”.