Kişinyovdakı erməni icmasının rəhbəri planlaşdırılan tədbirlə bağlı bəzi təfərrüatlar verib.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, mayın 31-də Moldovanın paytaxtına gələn ER baş naziri Nikol Paşinyan Kişinyovun erməni icması ilə görüşünü ləğv edib.
Bu barədə “Hraparak” qəzetinə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib.
Muşeqin sözlərinə görə, iclas iyunun 2-də yerli vaxtla saat 10:00-da Mirzoyanın ev-muzeyində keçirilməli idi.
O, görüşün ləğvinin səbəbi barədə məlumatsız olduğunu qeyd etsə də, bəzi təfərrüatları açıqlayıb.
“İclasda iştirak edənlərin siyahısında birinci diaspor rəhbəri kimi mənim adım idi. Amma sonra mənim adımın üstündən xətt çəkdilər ki, tədbirdə olmayım”, – Muşeq bildirib.
Kişinyovdakı erməni icmasının rəhbərinin sözlərinə görə, o, xəbərdarlıq edib ki, kimsə onun görüşdə iştirakını qəbuledilməz hesab etsə belə, heç kim ona mane olmağa çalışmasın.
Xatırladaq ki, Moldovanın paytaxtına səfər cədvəlinə əsasən, Ermənistan hökumətinin başçısı Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək. Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması planlaşdırılır.
Kişinyovda həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüş keçiriləcək.









