“Olivia” mağazasında müştəriyə qoxusu və tərkibi dəyişmiş uşaq məhsulu satılıb.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazan şikayətçi Günay Seyidova bildirib ki, məhsulu açdıqdan sonra ondan xoşagəlməz və istifadəyə uyğun olmayan qoxu gəlib.
“Qəbz və nəhsulla birgə mağazaya yaxınlaşdım. Orada eyni məhsulun başqa nümunəsi ilə müqayisə etdik və həmin məhsulda bu qoxunun olmadığı aydın şəkildə məlum oldu. Yəni aldığım məhsulun normal vəziyyətdə olmadığı faktiki olaraq ortada idi”, – deyə Günay Seyidova qeyd edib.
O bildirib ki, buna baxmayaraq, mağazada eyni məhsuldan olmasına rəğmən, nə aldığı məhsul geri qaytarılıb, nə də yenisi ilə dəyişdirilib.
Şikayətçi xüsusilə məhsulun uşaq üçün alınmasından narahat olduğunu vurğulayıb:
“Məni ən çox narahat edən məqam isə budur: bu məhsul uşaq üçün alınmışdı. Mən məhsulu əvvəlcədən yoxlamadan qızıma istifadə etdirsəydim, bunun nəticəsinə kim cavabdeh olacaqdı?”.
Günay Seyidova hesab edir ki, müştəri məhsulu alarkən onun hər birini açıb qoxusunu, tərkibini və vəziyyətini yoxlamaq məcburiyyətində deyil.
“Alıcı mağazaya və satılan məhsulun keyfiyyətinə güvənir. Problem aşkarlandıqda isə ən azından məsuliyyətli yanaşma, dəyişdirmə və ya geri qaytarma gözlənilir”, – deyə o bildirib.
Şikayətçi mağazaya şəxsən yaxınlaşmasının istənilməsinə baxmayaraq, sonda problemin həlli üçün real addım atılmadığını da qeyd edib.
“Mən alarkən bir neçə məhsul aldığım üçün arxa etiketinə diqqət etməmişdim. Bu paylaşımı başqa valideynlərin və müştərilərin də məhsul alarkən diqqətli olması üçün edirəm”, – deyə Günay Seyidova vurğulayıb.
O, xüsusilə uşaqlar üçün alınan məhsulların istifadədən əvvəl mütləq yoxlanılmasına çağırış edib.
Məsələ ilə bağlı “Olivia” ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul













