UNEC-in rektoru prof. Ədalət Muradov ali təhsilin vəziyyəti ilə bağlı tədqiqatçı və ekspertləri açıq müzakirəyə dəvət edib. Bunu çox müsbət təşəbbüs hesab edirəm. Hərçənd belə təşəbbüs 25-30 il əvvəl, özü də təhsil naziri tərəfindən edilməli idi. Belə bir təşəbbüs 30 il gecikmə ilə, özü də nazır yox, rektor tərəfindən edilirsə, buna da şükür. Bəs bunun nəticəsi olacaqmı? Yəni, ali təhsil problemlərinin açıq və peşəkar müzakirəsi baş tutacaqmı? Çox istərdik ki, nəticəsi olsun, özü də universitetlərin inkişafına xidmət etsin.
Azərbaycanda ali təhsilin problemlərinin qapalı kabinetlərdə deyil, elmi və akademik müstəvidə, yüksək elmi səviyyədə peşəkarların iştirakı ilə peşəkr səviyyədə müzakirəsinə çoxdan ehtiyac var idi. Ümid edək ki, nəticəsi olacaq.
50+ universiteti olan ölkənin hələ də ali təhsil problemlərini ciddi və nəticəvi tədqiq edən, konkret tövsiyyələr verən nə elmi tədqiqat mərkəzləri, nə də bu problemləri işıqlandıran elmi-metodik jurnalı yoxdur. Halbu ki, hər universitetdə belə tədqiqat mərkəzi yaradılmalı və jurnal nəşr edilməli idi.
Biz 50+ dəfə bu məsələni mətbutda qaldırmışıq, nazirliyə və rektorların nəzərinə bunu çatdırmışıq. ETN daim sükunətdə (durğunluqda), rektorlar isə ən yaxşı halda bu işləri “ictimai əsaslarla” icra etməkdədirlər. Amma belə “ictimai əsaslarla” olan işlərin də nəticəsi ortalıqda görünmür. “Ucuz ətin şorbası” prinsipi ilə aparılan ali təhsil siyasəti və onun səriştəsiz tətbiqi təbii ki, universitetlərin böhranı ilə nəticələnəcəkdi. Elə baş nazirin, “Təəssüf ki, universitetlərimizin diplomları, heç qardaaş Türkiyədə də tanınmır” etirafı hər şeyi demirmi?
Son 25 ildə hansı universitetlərimiz (və ya ETN), hansı təhsil innovasiyalarına, nə qədər investisiya edib? Bu rəqəmi universitetlərin son 15 ildəki təmir-tikinti işlərinə yönəltdiyi investisiya ilə müqayisə edə bilərikmi?
Bir çox təhsil məmurları hələ də anlamasa da, Siz çox yaxşı bilirsiniz ki, 25 ildə heç bir universitetində distant təhsil sistemi olmayan ali təhsil sisteminin hansı uğurundan danışmaq olar?
UNEC-in bu çağırışı ilə bağlı ciddi sual ortaya çıxır: Azərbaycan ali təhsilinin real vəziyyətini sistemli şəkildə araşdırmaq üçün indiyədək hansı təşkilati tədqiqat mexanizmi yaradılıb?
Tədqiqatı kim aparmalı idi?
UNEC-in “ali təhsili tənqid edənlər fikirlərini ciddi tədqiqatlarla əsaslandırsınlar” çağırışı elmi baxımdan əsaslıdır. Amma bunun qarşılığında soruşmaq lazımdır ki: «Son 25–30 ildə Azərbaycan ali təhsilinin sistemli, müstəqil, müqayisəli və davamlı tədqiqinə kim (hansı qurum) sifariş verib və maliyyə ayırıb?»
Belə ciddi və strateji məsələlərin tədqiqi özfəaliyyət səviyyəsində və ya “ictimai əsaslarla” mümkün deyil. Düşünürəm ki, bu sadə həqiqəti təhsil menecerləri də bilirlər (amma bu həqiqəti etiraf etmirlər, görünür nəticədə maraqlı deyillər).
Aydındır ki, milli səviyyədə ciddi tədqiqat bir neçə ekspertin şəxsi təşəbbüsü hesabına aparıla bilməz. Bunun üçün maliyyə, tədqiqat qrupu, məlumat bazası, metodologiya, reprezentativ seçmə, statistik təhlil və uzunmüddətli monitorinq lazımdır.
Deməli, tədqiqatların olmamasını (və ya dərin olmamasını) yalnız ekspertlərin üzərinə qoymaq düzgün deyil. Tədqiqat sifarişi yaratmaq təhsil idarəetmə sisteminin məsuliyyətidir. Ən azı universitetlərin məsuliyyəti və maraq dairəsində olmalı idi. .
Bu sahədə hər hansı araşdırmalar varmı, haradadır?
Əgər son illərdə Azərbaycan ali təhsilinin vəziyyəti ilə bağlı rəsmi olaraq sistemli tədqiqatlar aparılıbsa, onların nəticələri hamıya açıq olmalıdır:
– Tədqiqatı hansı qurum aparıb?
– Hansı universitetlər əhatə olunub?
– Metodologiya nə olub?
– Hansı indikatorlardan istifadə edilib?
– Əsas nəticələr və tövsiyələr nələrdir?
– Bu tövsiyələrdən hansılar həyata keçirilib?
– Tədqiqatın tam mətninə necə baxmaq olar?
Bu məlumatların açıqlanması müzakirəni daha elmi səviyyəyə qaldıra bilər.
Əgər belə araşdırmalar yoxdursa, onda problem ekspertlərin tədqiqat aparmamasında deyil, problem daha böyükdür: ali təhsil haqqında rəsmi qərarların və təhsil siyasətinin yetərli empirik məlumat bazası olmadan qəbul edilməsi. Təbii ki, belə qərqarlar səhv olacaq və onun əsasında qurulan təhsil sistemi, nazirin etiraf etdiyi kimi “tərsinə qurulacaqdır”.
Ekspert tənqidi və elmi tədqiqat
Müxtəlif illərdə Azərbaycanda müəllim hazırlığı, tələbə keyfiyyəti, kurikulum, universitet idarəetməsi, akademik azadlıq, elmi fəaliyyət, əmək bazarı, beynəlxalqlaşma, təhsilin rəqəmsallaşması, ali təhsildə rəqabətqabiliyyətlilik, distant təhsil, keyfiyyeətə təminat sisteminin yaradılması, Boloniya prosesinə keçid v.s. məsələlər haqqında çoxsaylı ekspert yazıları dərc olunub.
Təbii ki, bunların hamısını elmi tədqiqat hesab etmək olmaz. Bunlar sadəcə problemə diqqət yönəltmək, həyəcan siqnalı vermək, problemlərin həllində əməkdalığa dəvət ola bilərdi.
Amma, təəssüf ki, bu 30 ildə ali təhsil problemlərinin həlli TN və ETN-nin gündəliyində olmayıb. Ekspert məqaləsi ilə reprezentativ empirik araşdırma arasında ciddi metodoloji fərq var. Lakin metodoloji baxımdan tam olmayan ekspert tənqidlərini də təhlil etmədən, müzakirə etmədən əsassız saymaq olmaz.
Əgər müxtəlif mütəxəssislər illər ərzində eyni problemi təkrar gündəmə gətirirlərsə, həmin iddiaları empirik şəkildə yoxlamaq lazımdır.
Məsələn, “məzunların müəyyən səriştələri zəifdir” deyilirsə, bunu ölçək. “Elmi fəaliyyət zəifdir” deyilirsə, bibliometrik göstəricilərlə yoxlayaq. “Universitet muxtariyyəti məhduddur” deyilirsə, bunu konkret indikatorlarla qiymətləndirək.
Beləliklə, müzakirə şəxslər arasında deyil, iddia ilə sübut arasında aparılar.
Debatdan davamlı monitorinqə
UNEC-in təşəbbüsü bir günlük tədbirlə məhdudlaşmamalıdır. Bunun əsasında “Azərbaycan Ali Təhsilinin Monitorinqi və Tədqiqatı Platforması” yaradıla bilər. Platforma:
- mövcud tədqiqatları vahid bazada toplamalı;
- əsas tənqidi tezisləri sistemləşdirməli;
- onları empirik məlumatlarla yoxlamalı;
- hər il ali təhsil monitorinq hesabatı hazırlamalı;
- açıq məlumat bazası formalaşdırmalı;
- nəticələri illik “Ali Təhsil Forumu”nda müzakirə etməlidir.
Monitorinq tələbə və məzun sayı ilə məhdudlaşmamalıdır. Təhsil keyfiyyəti, tələbə nailiyyətləri, məzun səriştələri, müəllim keyfiyyəti, elmi məhsuldarlıq, beynəlxalqlaşma, əmək bazarı nəticələri, universitet muxtariyyəti, innovasiya və tələbə məmnuniyyəti də ölçülməlidir.
Mən nə “Azərbaycan ali təhsili tamamilə böhran içindədir”, nə də “problemlər şişirdilir” kimi ümumi yanaşmaları avtomatik qəbul edirəm. Hər iki mövqe sübutla yoxlanmalıdır.
Əgər vəziyyət yaxşıdırsa, bunu göstərən məlumatları ortaya qoyaq. Problemlər daha ciddidirsə, bunu da eyni prinsiplə müəyyənləşdirək. Çünki təhsil siyasətində əsas problem yalnız problemin mövcudluğu deyil, problemin ölçülməməsi, görməzliyə vurulması, illər ərzində onların qalaqanmasıdır.
UNEC-in çağırışına cavabım
Bəli, debat edək. Amma mövcud tədqiqatları ortaya qoyaq, metodologiyaları müqayisə edək, tənqidi tezisləri konkretləşdirək və hər iddianı faktla yoxlayaq.
Sonra əsas suala cavab verək:
«Nəyi dəyişməliyik, bunu kim etməlidir, hansı resurs lazımdır və nəticəni hansı göstərici ilə ölçəcəyik?»
Məhz bu zaman debat sadəcə fikir mübadiləsi deyil, tədqiqat əsaslı təhsil siyasətinin formalaşması vasitəsinə çevrilə bilər.
Tənqidi rədd etmək yox, onu məlumatla yoxlamaq, daha sonra məlumatı qərara, qərarı isə ölçülə bilən nəticəyə çevirmək lazımdır.
Düzdür, bu səviyyədə tədqiqatçılarımız çox azdır,(hər halda 30 ildə yadda qalan iş olmayıb), amma gec də olsa, hərəkətə keçməliyik. Ölkənin insan kapitalının inkişafı üçün manipulyativ reytinqlərlə və PİSA təhrifləri ilə təhsildə “sıçrayışlı inkişaf” görüntüsü yaratmaq gələcəyimizə heç bir perspektiv vəd etmir.
Dosent İlham Əhmədov









