Azərbaycan Ordusunun hərbi qulluqçularının maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir.
Tribuna.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu barədə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yeni islahat çərçivəsində orduda əməkhaqqı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur.
“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq”, – deyə Ə.Verdiyev bildirib.
Ekspert qeyd edib ki, maaşların hesablanması zamanı xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığının nəzərə alınması planlaşdırılır.
“Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70 faizə qaldırılır”, – deyə o vurğulayıb.
Ə.Verdiyev həmçinin Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı mexanizminin də təkmilləşdiriləcəyini və tam rəqəmsallaşdırılacağını bildirib.
“Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu, lap yerinə düşəcək. Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!”, – deyə Ədalət Verdiyev əlavə edib.









