Məhkum Prezidentin köməkçisindən yardım istədi: “Evimə sağ gedib çıxmayacam”

Məhkum Prezidentin köməkçisindən yardım istədi: “Evimə sağ gedib çıxmayacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 ildən çoxdur 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Prezident İlham Əliyevin köməkçisi Fuad Ələsgərovdan kömək istəyib.

Tribuna.az xəbər verir ki, müraciət edən şəxs III dərəcəli əliliyi olan, psixi diaqnozlu ömürlük xəstə, Cəlilabad rayonunun Əsədli kənd sakini Ələsgərov Qabil Qaraxan oğludur.

O, Fuad Ələsgərova ünvanladığı müraciətində bildirib ki, o, məhkum olunduqdan 2024-cü ilin sonlarına qədər dövlət tərəfindən verilən dərmanlarla təmin edilib. “Lakin Ədliyyə Nazirliyində struktur dəyişikliklərindən sonra, Penitensiar Xidmətdə də bəzi addımlar atıb. Xüsusən tibbi xidmətlərdə dəyişiklik edib. Nazir Fərid Əhmədovun apardığı islahatlar başqa CÇM-lərə müsbət nəticə versə də, 2 saylı CÇM-də tam tərsdi baş verib”.

Qabil Ələsgərov qeyd edib ki, Ədliyyə Nazirliyinin Tibbi Baş idarəsinin sabiq rəisi Rafayıl Mehdiyev bu sahəyə rəhbərlik etdiyi dönəmdə bütün məhkumlar tibbi ləvazimatlarla, dərmanlarla vaxtı vaxtında təmin olunurdu. “Hətta mən özüm bir neçə dəfə həkim Elşən Novruzov tərəfindən müayinə və müalicə olunmuşam. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Fərid Əhmədovun Tibbi baş idarəsinə təyin etdiyi Cəmil Kamilli və onun CÇM-dəki nümayəndəsi Səddam Hüseyinli  bu sahəyə rəhbərlik etdikləri  vaxtdan, biz məhkumların necə deyərlər “qara günləri “başlayıb”.

O qeyd edib ki, hər iki şəxs onu və digər xəstələri həkim nəzarətindən məhrum edib. “Nə bir dərman ala bilirik, nə bir həkimə müraciət edə bilirik. Hazırda həmin adamlar bizə pullu xidmət təklif edirlər. O,zaman bizim üçün ayrılan dərman peraparatı, lazım olan ləvazimatları kim mənimsəyir? Bunun da nəticəsində biz məhkumları dövlətdən narazı salmağa çalışırlar”.

Məhkum ədliyyə nazirinə xitabən deyib ki, belə davam edərsə, cəzasını çəkib, salamat evə gedə bilməyəcək. “Odur ki, sizdən bir Azərbaycan vətəndaşı olaraq acizanə xahiş edirəm ki, məni həkim nəzarətində saxlamaqla, dərmanlarla təchiz olunmağım üçün,aidiyyəti üzrə müvafiq göstərişlər verəsiniz və vəziyyətimlə maraqlanasız”.

Fərda Uğur