İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçmiş əməkdaşının işdən çıxarılması ilə bağlı mübahisəyə Ali Məhkəmədə baxılıb.
Tribuna.az xəbər verir ki,vergi orqanının eks-əməkdaşı S.Əliyev Dövlət Vergi Xidmətini məhkəməyə verib.
İddiaçı S.Əliyev Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və işdən çıxarıldığı gündən işə bərpa ediləcəyi tarixədək əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edib.
İş materiallarından görünür ki, 2021-ci ildə Dövlət Vergi Xidmətinin Aparatında və Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişikliyinin aparılması qərara alınıb. Bundan sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsində çalışan S.Əliyev Dövlət Vergi Xidmətinin sərəncamına götürülüb.
Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2022-ci il tarixli əmri ilə S.Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib və o, Xidmətin sərəncamından çıxarılmış hesab edilib.
İş üzrə məhkəməyə təqdim edilmiş məlumatlara əsasən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü il tarixli məktubunda S.Əliyevin 2010-cu ildən 2021-ci ilədək vergi orqanlarında işlədiyi qeyd olunub. Məktubda sabiq əməkdaşın istifadə edilməmiş 242 təqvim günü əmək məzuniyyəti nəzərə alınmaqla 5 641,02 manat son haqq-hesabının hesablandığı və həmin məbləğdən 4 031,39 manatın 2022-ci il tarixdə onun hesabına köçürüldüyü göstərilib.
Şirvan İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilməyib.
Bundan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin edilməsini istəyib. Şirvan Apellyasiya Məhkəməsi S.Əliyevin apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia təmin edilib. Apellyasiya instansiyası Dövlət Vergi Xidmətinin 2022-ci il tarixli əmrinin S.Əliyevə aid hissədə ləğv edilməsinə qərar verib. Həmçinin cavabdehin üzərinə iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən pensiya yaşına çatdığı tarixədək – 2025-ci ilədək olan dövr üzrə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi qoyulub.
Cavabdeh Dövlət Vergi Xidməti apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib. Şikayətdə həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub.
Ali Məhkəmə cavabdehin kassasiya şikayətini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Yekun qərara əsasən S.Əliyevin Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və işdən çıxarıldığı gündən işə bərpa ediləcəyi tarixədək əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilməyib.
Beləliklə, apellyasiya instansiyasının vergi orqanının keçmiş əməkdaşının xeyrinə qəbul etdiyi qərar qüvvədən düşüb və iddia təmin olunmayıb./
Plat.az/









