DİM imtahanını keçir, amma işə qəbul ola bilmir: Gəncləri Azərbaycandan didərgin salan sistem

DİM imtahanını keçir, amma işə qəbul ola bilmir: Gəncləri Azərbaycandan didərgin salan sistem

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universiteti, hətta magistraturanı bitirən gənclər iş tapmaqda çətinlik çəkirlər. Problem isə ölkədə uyğun vakansiyaların olmaması deyil. Dövlət qurumlarında vakansiyalar elan olunur və gənclər həmin vəzifələrə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi dövlət qulluğuna qəbul imtahanında iştirak edirlər.

İmtahandan uğurla keçərək dövlət qulluğuna namizəd olmaq hüququ qazanan gəncləri isə daha bir mərhələ, müsabiqə gözləyir.

Namizədlərin narazılığı da əsasən məhz bu mərhələ ilə bağlıdır. Onların sözlərinə görə, müsabiqə zamanı dörd nəfərdən ibarət komissiya qarşısında müxtəlif suallar verilir. Bəzi namizədlər isə sualların ixtisaslarına və müraciət etdikləri vəzifəyə uyğun olmadığını bildirirlər. Dövlətin illər ərzində vəsait ayıraraq yetişdirdiyi kadrların kimlərinsə qərəzli niyyəti ucbatından işsiz qalması və ölkəni tərk etmək məcburiyyətində olması ciddi narahatlıq doğurur.

Maraqlıdır, əgər namizəd DİM-in imtahanından keçərək dövlət qulluğuna uyğunluğunu təsdiqləyibsə, müsabiqə mərhələsinin məqsədi nədir? Digər tərəfdən, müsabiqə əsas seçim mərhələsidirsə, namizədlər DİM imtahanında iştirak üçün niyə əlavə ödəniş etməlidirlər? Bu sistem dəyişdirilməlidirmi?

Tribuna.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrəndi.

Deputat qeyd etdi ki, imtahanların keçirilməsində əsas məqsəd dövlət qulluğuna layiqli və uyğun kadrların seçilərək müvafiq vəzifəyə cəlb edilməsidir:

“Hesab edirəm ki, bu məsələyə bir qədər fərqli yanaşmalıyıq. Yəni bu prosesin əsas hədəfi savadlı, bilikli, potensiallı və bacarıqlı kadrların seçilərək dövlət qulluğuna qəbul edilməsidir. Amma təəssüf ki, bu gün DİM-in imtahanından keçən savadlı kadrların bir hissəsi müsabiqə mərhələsindən keçə bilmir. Bir sıra hallarda burada subyektivlik müşahidə olunur. Bəzi hallarda dövlət qurumları öz istədikləri kadrları həmin vəzifələrə yerləşdirməyə çalışırlar. Bu da təbii olaraq gənclərdə ciddi ruh düşkünlüyü yaradır”.

Ceyhun Məmmədov müsabiqə mərhələsinin ləğv edilməsinin mümkün həll yollarından biri olduğunu bildirdi:

“Bu, kifayət qədər mürəkkəb məsələdir. Düşünürəm ki, problemin həlli yollarından biri müsabiqə mərhələsinin ləğv edilməsidir. Başqa bir effektiv variant hazırda görünmür. Ola bilsin ki, müsabiqə mərhələsini ləğv etsək, bu cür problemlərin qarşısını ala bilərik. Əks təqdirdə, gənclər bu problemdən əziyyət çəkməkdə davam edəcəklər.

Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Şəffaf işə qəbul təmin olunmalı, bilikli, potensiallı, bacarıqlı gənclərə üstünlük verilməlidir”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyevin də fikirlərini öyrəndik.

Ekspert bildirdi ki, Azərbaycanda dövlət qulluğuna qəbul iki mərhələdən – test imtahanı və müsahibə mərhələsindən ibarətdir:

“Test imtahanı konkret olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Burada müvafiq müsabiqə şərtlərinə cavab verən namizədlər növbəti – müsahibə mərhələsinə dəvət olunurlar.

Müsahibə mərhələsi isə DİM əməkdaşları ilə yanaşı, konkret vakant vəzifəni müsabiqəyə çıxaran dövlət qurumunun əməkdaşlarının iştirakı ilə keçirilir. Bu mərhələdə namizədin ümumi dünyagörüşü, eləcə də müsabiqəyə çıxarılmış vakant vəzifənin istiqaməti üzrə bilik və bacarıqları yoxlanılır.

Əgər namizədin bilik və bacarıqları müəyyən edilmiş tələblərə uyğun gəlirsə, həmin şəxs vakant vəzifəyə qəbul olunur”.

Elçin Əfəndiyev təəssüflə qeyd etdi ki, bir çox hallarda bunun əksinin şahidi oluruq:

“Namizəd test imtahanından uğurla keçir, lakin müsahibə mərhələsində həmin vəzifəyə qəbul olunmur.

Düşünürəm ki, bunun qarşısını almaq üçün ya müsahibə mərhələsi ləğv edilməli, ya da bu mərhələ formal və bioqrafik əngəl olmaqdan çıxarılaraq, konkret işə qəbulun müəyyənləşdirilməsi istiqamətində tənzimlənməlidir.

Bu yanaşma tətbiq olunarsa, namizədlər dövlət qulluğunda vakant vəzifələr üzrə daha şəffaf və real şəkildə seçimdə iştirak edə bilərlər. Əks halda, mövcud sistem davam etdiyi təqdirdə namizədlər vakant vəzifələrə qəbul olunmaqla bağlı çətinliklərlə üzləşməkdə davam edəcəklər”.