Niderland BOKT-si Azərbaycanda 5 milyon manat borc axtarır

Niderland BOKT-si Azərbaycanda 5 milyon manat borc axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“FINCA Azərbaycan” bank olmayan kredit təşkilatı (BOKT) 5 milyon manatlıq istiqraz emissiyasına hazırlaşır.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd istiqrazın buraxılması nəzərdə tutulur.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti isə 15 ay müəyyən edilib. Faiz ödənişləri hər üç aydan bir həyata keçiriləcək.

İstiqrazlar təminatsızdır.

Emissiya tam yerləşdiriləcəyi təqdirdə, təşkilatın istiqrazlar üzrə illik faiz öhdəliyi 750 min manat, 15 aylıq müddət ərzində ümumi faiz ödənişləri isə 937,5 min manat təşkil edəcək.

Qeyd edək ki, “FINCA Azərbaycan” 1998-ci ildə yaradılıb. BOKT-un yeganə səhmdarı Niderlandda qeydiyyatdan keçmiş “FINCA Microfinance Cooperatief U.A.” şirkətidir.

Fərda Uğur