Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tribuna.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bildirib ki, xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır: “Hamılıqla qəbul olunan milli ideya və eyni ilə də hamı tərəfindən etiraf olunan milli lider tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda çıxış edib və bu gün də çıxış etməkdədir. Öz əməli, missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər bir xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub və olacaq. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə rast gəlmək mümkün deyil. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılıb.
Ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır”.
Sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi – idman oyunlarında III yeri tutmuş rayon məktəblilərindən ibarət komandanın üzvləri səhnəyə dəvət ediliblər. Onlara Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tərəfindən hədiyyələr təqdim olunub.
















