Kremlə edilən hücumun arxasında kimlərin dayanması ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ukrayna israrla bu işdə əlinin olmadığını açıqlasa da, Rusiya inanmır və ya inanmamaqda israr edir. Politoloqların isə versiyaları müxtəlifdir.
Tribuna.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, Kremlin vurulmasının arxasında Kiyevdən daha çox, Moskva görünür:
“Təkcə zərbələrin effektsiz olması yox, nəticələr də hücumda diqqəti Kremlin üzərinə cəmləyir. Bu hücumun 9 may paradından öncə olması da təsadüfi deyil: bəllidir ki, Putin paradda müharibənin vacibliyindən və yeni hədəflərdən danışacaq, Kremlə hücum onun arqumentlərini gücləndirən amildir”.
Politoloq Yeganə Hacıyevanın fikrincə isə Kremlə edilən hücum müharibənin Ukrayna torpaqlarından Rusiya torpaqlarına daşındığını göstərir.
Analitik Şahin Cəfərli isə hesab edir ki, nəticəsindən və kimin təşkil etməsindən asılı olmayaraq, fakt kimi böyük biabırçılıqdır.
Siyasi şərhçi Məhəmməd Əsədullazdə isə qeyd edib ki, o ötən aydan bu ssenarinin yaşanacağını proqnozlaşdırıb:
“Ukrayna Moskvaya qədər gəlib, strateji obyektləri vuracağını demişdim. Bildirmişdim ki, Ukraynanın gözlənilən əks-hücumları Moskva vilayətinə qədər uzanacaq. Təbii ki, Ukraynanın kamikadze PUA Moskvaya qədər məsafə qət edib, hərbi obyektləri hədəfə alacaq. Ötən ay Moskvada zərərləşdirilən Ukrayna PUA sınaq uçuşu idi. Kiyev bununla Kremlə Moskvaya kimi gələ bilərik mesajı verdi”.













