Rusiya əslində prosesin tezliklə başa çatmasında maraqlı deyil. Gərginliyin qorunub saxlanılmasında daha maraqlıdırlar. Çünki əks təqdirdə bölgədə Rusiyanın mövcudluğuna ehtiyac qalmaz. Moskva görüşündə məsələlər müzakirə olunub müəyyən razılaşmalar əldə olunsa belə, pərdə arxasında Rusiyanın Ermənistana təzyiqi və prosesi ləngitmə cəhdləri görünür.
Bu sözləri Tribuna.az-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə sabah Moskvada keçiriləcək Əliyev-Paşinyan görüşü ilə bağlı danışarkən deyib. Partiya sədri bildirib ki, bu görüşlərin bölgəyə tezliklə sülh, sabitlik gətirəcəyini gözləyirik:
“İlham Əliyev və Nikol Paşinyan görüşlərinin hər birindən gözləntilərimiz böyükdür. Əks halda bu görüşlərin əleyhinə olardıq. Bu görüşlərin bölgəyə tezliklə sülh və sabitlik gəlməsini gözləyirik və bununla bağlı Azərbaycanın da konkret təklifləri var.
Keçirilən bütün görüşlərdə müəyyən müzakirələr olur, bir çox hallarda razılaşmalar da əldə olunmuş kimi görünür. Lakin təəssüflər olsun ki, sonradan Ermənistanın məsələlərə qeyri-konstruktiv yanaşması səbəbilə proses tormozlanır.
Rusiya əslində prosesin tezliklə başa çatmasında maraqlı deyil. Rusiya gərginliyin qorunub saxlanılmasında daha maraqlıdır. Çünki əks təqdirdə bölgədə Rusiyanın mövcudluğuna ehtiyac qalmır. Məhz bu səbəbdən hər dəfə Avropada, ABŞ-də olan görüşlərdən sonra dərhal Rusiya hərəkətə keçir, prosesləri özü yönləndirməyə çalışır, vasitəçilik missiyasını başqalarına güzəştə getmək istəmir, özünün vacibliyini sübut etməyə çalışır. Məqsəd də ondan ibarətedir ki, Rusiya bu bölgədə hərbi və siyasi mövcudluğunu qoruyub saxlasın. Buna görə də tezliklə tərəflər arasında razılaşmanın əldə olunmasında Rusiya marqlı deyil. Moskva görüşündə də məsələlər müzakirə olunub müəyyən razılaşmalar əldə olunsa belə, pərdə arxasında Rusiyanın Ermənistana təzyiqi və prosesi ləngitmə cəhdləri görünür. Ümid edirik ki, bu görüşdə isəliyə doğru bir addım atılacaq”.









