Təəsüflər olsun ki, nə 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda, nə də “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilməyib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir.
Bu gün məktəbləri tədaüqdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına mane olur. Amma baş verəcək hansısa hadisədən onlar mühafizə etmək gücündə deyillər.
Bu sözləri Tribuna.az-a təhsil eksperti Kamran Əsədov son günlər İranla münasibətlərin gərginləşməsilə əsas müzakirə mövzusuna çevrilən təhsil ocaqlarının mühafizə edilməsi, təhlükəsizliyinin təmini problemindən danışarkən deyib.
Ekspert bildirib ki, təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır, amma bütün məktəblərin mühafizəsi mümkün deyil:
“Bu gün 4500 dən çox orta məktəb, 1600 dən çox məktəbəqədər təhsil müəssisəsi, 50 dən çox universitet və o sayda da orta ixtisas təhsili müəssisəsi, 100 ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri , özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər. Qanunvericilik aktlarına uyğun olaraq deyim ki, orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edim ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar.
Təklif edirəm ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin. Bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin”.
K.Əsədov həmçinin təklif edir ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsa, daha yaxşı olar:
“Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlardan sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Buna qanunvericilik də icazə vermir. Bilirsiz, çox vaxt məktəblilərlə bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir. Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri “məktəbə gedirəm” adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktbələrin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır. Bilirsiz məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq”.









