Mbappenin iki sözü qalmaqal yaratdı: Arda Gülərin oyunları yayımdan çıxarıldı

Mbappenin iki sözü qalmaqal yaratdı: Arda Gülərin oyunları yayımdan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in fransalı ulduzu Kilian Mbappenin Çinlə bağlı açıqlaması futbol dünyasında ciddi müzakirələrə səbəb olub. Hadisədən sonra bir sıra Çin şirkətləri futbolçu ilə əməkdaşlığı dayandırıb, ölkənin dövlət televiziyası isə İspaniya çempionatının oyunlarının yayımını dayandırıb.

Tribuna.az xəbər verir ki, bu barədə “Reuters” və AFP agentliyinə istinadən xarici KİV-lər məlumat yayıb.

Mbappe “The Bridge” proqramına verdiyi müsahibədə özünün təsvir olunduğu internet memi barədə danışarkən “Çinli diktator” ifadəsini işlədib. Söhbət onun üzünün Çinin keçmiş lideri Mao Zedunun təsviri ilə birləşdirildiyi görüntüdən gedib.

Futbolçunun sözləri Çində narazılıqla qarşılanıb. Nəticədə Dongpeng, Mengniu və Milkground şirkətləri onunla kommersiya əməkdaşlığını dayandırıblar.

Bundan başqa, Çin dövlət televiziyasına nəzarət edən China Media Group İspaniya La Liqasının oyunlarının yayımını, eləcə də Mbappenin iştirak etdiyi reklamların nümayişini dayandırıb. Bu qərar “Real Madrid”də çıxış edən türkiyəli futbolçu Arda Gülərin oyunlarını da Çin televiziyasında izləməyi mümkünsüz edib.

Qalmaqaldan sonra Mbappe Çin xalqından üzr istəyib. O, açıqlamasının düşünülməmiş olduğunu və Çin xalqını incitdiyini anladığını bildirib. La Liqanın prezidenti Xavyer Tebas da Çinli azarkeşlərdən üzr istəyib.

Bununla belə, oktyabrın 28-də yayılan məlumatlara görə, Çin tərəfi “Real Madrid”in izahatını yetərli hesab etməyib. Yayımın nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

İmran Kərimli