İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender

İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki,  tenderin qalibi “İS.M.M.” MMC olub. Satınalmanın maliyyə dəyəri 482 432,22 manatdır.

Diqqətçəkən məqam odur ki, Bərdə Rayon İcra Hakimiyyəti bir neçə həftə əvvəl də yolların təmiri ilə bağlı tender keçirib. Həmin tenderin də qalibi “İS.M.M.” MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 123 558,04 manat olub.

Beləliklə, şirkət Bərdə Rayon İcra Hakimiyyətinin yolların təmiri ilə bağlı iki tenderin qalibi olub ki, bu müsabiqələrə üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 605 990,26 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-dir. Şirkətin qanuni təmsilçisi Nadir Bilman oğlu Xudiyevdir.

Nadir Xudiyev eyni zamanda “RASH.M.M Trade and Services-2020” MMC-nin də qanuni təmsilçisidir. Həmin şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 406 939 manatdır.

“İS.M.M.” MMC dövlət satınalmalarında da fəal iştirak edir. Şirkət 2025-ci ildə 10 tenderin qalibi olub. Həmin satınalmaların ümumi maliyyə dəyəri 5 milyon 624 min 701 manat 88 qəpik təşkil edib.

Şirkət ötən il Qaradağ Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri və abadlıq işləri üzrə 417 406,77 manat, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri üzrə 1 milyon 916 min 877,22 manat dəyərində tenderlərini qazanıb.

Bundan başqa, “İS.M.M.” MMC Lənkəran, Şabran, Siyəzən, Gədəbəy və Sumqayıt şəhərlərində yolların əsaslı və cari təmiri, asfalt örtüyünün yenilənməsi, abadlıq işləri, eləcə də yaşayış binalarının fasad və girişlərinin təmiri ilə bağlı satınalmalarda qalib olub.

Şirkət, həmçinin Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin elektrik mal-materiallarının satın alınması üzrə 273 477,80 manatlıq tenderini qazanıb.

Elektrik mal-materiallarının satın alınması ilə yanaşı, müxtəlif şəhər və rayonlarda yol təmiri, abadlıq və bina təmiri işləri üzrə tenderlərdə qalib olması şirkətin fəaliyyət istiqamətləri ilə bağlı diqqət çəkən məqamlardandır. Açıq mənbələrdə “İS.M.M.” MMC-nin müxtəlif sahələr üzrə ixtisaslaşması və maddi-texniki imkanları barədə ətraflı məlumatlar məhduddur.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 2011-ci ildən bu vəzifədə çalışır. İsayev bundan əvvəl, 2005-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.