Hesablama Palatası 14 yerli icra hakimiyyətində yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin istifadəsini təhlil edib. Təhlil zamanı 1 milyon manatdan çox artıq ödəniş müəyyən edilib.
Tribuna.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı il üzrə İş Planına uyğun olaraq 2024–2025-ci illərdə aparılan analitik fəaliyyətin nəticələrinə dair məlumatda bildirilib.
Məlumata görə, ümumilikdə 1 milyon 78 min 610,9 manat məbləğində işlərin həcmi və dəyəri artırılıb, nəticədə podratçılara artıq ödəniş edilib. Qeyd olunan məbləğ analitik fəaliyyət dövründə dövlət büdcəsinə tam bərpa olunub.
Təhlil zamanı yol təmiri işlərinin planlaşdırılması və sənədləşdirilməsi ilə bağlı da nöqsanlar aşkarlanıb. Belə ki, yolların əsaslı təmirinə ehtiyac müəyyən edilərkən onların faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmayıb. Qüsur aktları əsasən vizual baxış əsasında tərtib edilib.
Bundan başqa, layihə-smeta sənədlərində yolun uzununa və eninə profilləri, meyillilik göstəriciləri və səth sularının kənarlaşdırılması ilə bağlı texniki həllər lazımi səviyyədə nəzərə alınmayıb. Nəticədə təmir edilmiş yollarda suyun toplanması, lokal çökəkliklərin və əks-meyilliliklərin yaranması risklərinin meydana çıxdığı bildirilib.
Hesablama Palatası həmçinin satınalma prosedurları, iş həcmlərinin əsaslandırılması, söküntü materiallarının uçotu və podratçıların müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nöqsanlar müəyyən edib.
Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayon icra hakimiyyətlərini, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətlərini əhatə edib.
Qeyd edək ki, analitik fəaliyyət sənədlər əsasında aparılıb, nəzarət ölçmələri həyata keçirilməyib.
Ajans









