“Şikayətim “Leobank”dandır. 30 dekabrda Azərbaycan Beynəlxalq Bankına məxsus kartımdan “Leobank”ın tətbiqi ilə pul çəkdim. Pul bir anlıq oturdu, sonra xəta baş verdi, balans artmadı. ABB kartına da qayıtmadı”.
Tribuna.az xəbər verir ki, bu problemlə üzləşən vətəndaş Nicat Qənizadə şikayətini sosial şəbəkədə yazıb. O bildirib ki, ABB ilə əlaqə saxlayıb və ona bildiriblər ki, əməliyyat “Leobank”ın tətbiqindən edildiyindən onlar araşdırmalıdırlar:
“ “Leobank” isə bir ay ərzində məni fırladıb ki, bayramlar olduğundan ayın (yanvarın) sonunadək gözləyim. Dedilər ki, ola bilər pul oturacaq ABB kartınıza.
Ay bitdi, pul oturmadı. Yenə yazıram “Leobank”a, cavab verirlər ki, 30 gün keçib deyə ümumiyyətlə heçnə edə bilmirik. Adamı rəsmən dolayıblar. İndi qalmışam 2 bankın arasında, pul da havada”.
Eyni pronblemi yaşayan digər şikayətçi Rasim Həsənov da bildirib ki, o da “Leobank”ın eyni dələduzluğu ilə üzləşib:
“Eyni hal məndə də var. Ən dəhşətlisi isə hələ də davam edir. Köçürülməni sentyabrda etmişəm. Hələ də yoldadır. ABB “Leobank” üstünə atır. “Leobank” da ABB-nin. Axırda ABB əməkdaşlarının yanından “Leobank”a zəng elədim. Dedim, alın, ikiniz danışın. İkisi də bildirdilər ki, bizlik deyil. Sadəcə dəhşətdir”.
Tribuna.az











