“Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlunun “Türkün yolu” adlandırdığı – “bir kəmər bir yol” layihəsinə etdiyi dəyişiklik birmənalı qarşılanmayıb. Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişən CHP lideri hakimiyyətə gələcəyi təqdirdə, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcəyini bildirir. Layihənin əsas fiqurlarından olan Azərbaycan isə proseslərdən kənarda qalır.
Tribuna.az xəbər verir ki, kılıçdaroğlunun “layihəsinə” əsasən Zəngəzur dəhlizinin reallaşma perspektivi dəfn edilir.
Maraqlıdır, prezidentliyə namizəd olan, Türkiyə kimi əhəmiyyətli ölkəni idarəetməyə iddialı olan biri anlamırmı ki, Şərq – Qərb dəhlizi İran üzərindən mümkün deyil? Görünür. Nə şəxsən Kılıçdaroğlu, nə də bu ittifaq geosiyasi proseslərdən xəbərdar deyil.
“Altılı masa”nın namizədinin verdiyi mesaj o deməkdir ki, seçkidə Ərdoğan məğlub olarsa, yeni hökumət Bakıya qarşı planın əsas icraçısı olacaq.
Kılıçdaroğlunun seçkiyə sayılı günlər qalmış bunu açıq mətnlə elan etməsi aydındır ki, Azərbaycan marşrutuna qarşı çıxan mərkəzlərin dəstəyinin artırılmasına hesablanıb. Əks təqdirdə, hər iki ölkədə etirazla qarşılanan bu planını hakimiyyətə gələcəyi təqdirdə də elan edə bilərdi.
Kılıçdaroğlu açıq şəkildə bu xəritəni ortaya qoymaqla bildirir ki, “başqan olsam, Zəngəzur məsələsində İrana dəstək verəcəm”. İndi anlaşılır ki, Ermənistanda və İranda Kılıçdaroğlu həyəcanının səbəbi nədir.









